Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunub.
Sənəd barədə Milli Məclisin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O, qeyd edib ki, qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.
“Xüsusən də hərbi qeydiyyata düçən şəxslərin səhhətində problem olan zaman onların dövlət tibb müəssisələrində dövlət hesabına müalicə olunması məsələsi, çağırışçılar barəsində məlumat bankı və sair təkliflər nəzərər alınıb”-deyə, Z.Əsgərov vurğulayıb.
Millət vəkili Əli Məsimli yenidən magistrlərə möhlət hüququnun verilməsi, Sevinc Hüseynova isə orta məktəblərdə şagirdlərə hərbi hazırlığın keçirilməsi üçün məktəblərin hərbi maddi-texniki bazasının möhkəmləndirməsi istiqamətində təkliflə çıxış edib.
Deputat Sahib Alıyev qanun dilində müəyyən düzəlişlərin aparılmasını təklif edib.
Deputat Gülər Əhmədova da magistrlərə möhlət hüququnun verilməsini zəruri hesab edib.
Millət vəkili Qənirə Paşayeva öz növbəsində bildirib ki, heç olmasa, xaricdə oxuyan tələbələr möhlət hüququ verilsin. O, orta məktəblərdə hərbi hazırlıq səviyyəsinin artırılmasını da təklif edib.
“Bu gün orta məktəblərdəki hərbi hazırlıq simvolik hal alıb. Ona görə ki, məktəblərdə bu sahəyə aid ləvazimatının olmaması ilə bağlıdır”-deyə, o, əlavə edib.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, yüngül atıcı silahlar istisna olmaqla, qalan texnikalar, xüsusilə də, mürəkkəb artileriyalar peşəkarlar tərəfindən istifadə olunmalıdır. O həmçinin, orduda bir il altı aylıq xidmət müddətini bir il müddətinə endirməyi təklif edib.
Z.Əsgərov isə Q.Həsənquliyevin yanaşmasına təəccübləndiyini bildirib.
“Biz o ölkədə yaşayırıq ki, bizim bir milyon qaçqınımız var, 20 faiz də torpağımız işğal altındadır. Siz də deyirsiniz ki, orduda xidməti endirək bir il müddətinə gedib alver etsinlər. Bu nə yanaşmadır, mən başa düşmürəm?!”- deyə, Z.Əsgərov iradını bildirib.
Ciddi müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda və əlavə olaraq üçüncü oxunuşda da qəbul olunub.
Modern.az