Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, sözügedən sərəncamla məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılıb.
Qeyd edək ki, məcburi köçkünlərə indiyədək ayda adambaşına 15 manat yemək xərci verilirdi.Bu artımdan sonra onlar adambaşına ayda 16 manat 50 qəpik alacaqlar.
İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilsin.
Dövlət başçısı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında da fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 09 sentyabr tarixli fərmanının 1-ci hissəsi ilə müəyyən edilmiş təqaüdünün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncam və fərmanlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Modern.az