Bu gün Odlar Yurdu Universitetində millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan üçdilli “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının təqdimat mərasimi keçirilib. Mərasimdə universitetin rektoru, millət vəkili, professor Əhməd Vəliyev “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və Azərbaycan, Türkiyə türkcəsi və ingilis dillərində yayımlanan saytın qurulmasını alqışladığını, belə önəmli bir saytın məhz Universitetdə, tələbə-gənclərin iştirakı ilə təqdimatının çox anlamlı hadisə olduğunu qeyd edib.
Millət vəkili Qənirə Paşayeva “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş bilgi təqdim etmək məqsədi ilə hazırlandığını deyib. O qeyd edib ki, saytın hazırlanmasında onun “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlı ilə ortaq hazırladıqları və dörd dildə nəşr olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bu soyqırım üzrə materialları əsas baza rolunu oynayıb. Xanım millət vəkili gəncləri virtual aləmdə fəal olmağa, bu fəallığı Azərbaycanın məruz qaldığı faciələrin dünyaya duyurulması işinə həsr etməyi tövsiyyə edib.
Sonra “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlı və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Kəmalə Paşayeva 1990-cı il martın 23-dən 24-ə keçən gecə erməni silahlılarının keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, modern silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirməsi barədə faktlardan, bu faktların dünya ictimaiyyətinə çatdırılmasının bir milli borc olmasından bəhs ediblər.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, bu qəbildən layihələr Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi və dəstəyi ilə gerçəkləşdirilən layihələrdən ilham alınaraq və həmin layihələrin məhsulları örnək götürülərək həyata keçirilir.
Sonda qonaqlara təşəkkür edən Universitet rektoru bu ali təhsil ocağının gələcəkdə də belə tədbirlərə, bu qəbildən layihələrə dəstək verməyə hazır olduğunu bildirib.
Modern.az