Modern.az

Ümummilli məsuliyyət

Ümummilli məsuliyyət

27 Dekabr 2011, 13:52

“Bizim Torpaqlar” İctimai Birliyinin həmtəsisçisi

Azərbaycan ərazilərində tarixin müəyyən kəsimlərində məzhəblər, müxtəlif dinlər, fərqli etnik qruplar arasında kənardan təhriklə münaqişələr yaratmağa cəhd göstərilib, düşmənçilik toxumu səpilməyə çalışılıb. Ayrı-ayrı böyük dövlətlərin siyasətinə uyğun olaraq törədilməsinə cəhd göstərilən qarşıdurmaların əksəriyyəti baş tutmadığından demək olar unudulub, cəmiyyətdə izi, yaddaşlarda mahiyyəti qalmayıb. Ancaq Azərbaycana gəlmə xalq olan ermənilərlə müsəlmanlar arasında mübarizə, münaqişə, qarşıdurma heç zaman səngiməyib. Bəzilərinin təqdim etmək istədiklərinin əksinə olaraq erməni düşmənçiliyi təkcə Azərbaycan türklərinə qarşı yönəlməyib, ləzgi, avar, talış, tat və digər milli azlıqlar da ümummüsəlman adı altında kütləvi qırğınlara məruz qalıblar.
Osmanlı ərazilərindəki münaqişələrdən fərqli olaraq Azərbaycanda bu ümumən müsəlmanlara qarşı yönəlik təcavüz aktı olduğundan silahlı toqquşmalar erməni-müsəlman davası adı altında qəbul edilib.
Zamanın şərtlərinə uyğun olaraq fəallaşan, yaxud gizli şəkildə davam edən bu mübarizə XX əsrin 80-ci illərindəki beynəlxalq və daxili mühitin əlverişliliyi səbəbindən Qarabağda yaşayan ermənilərin istəklərinə uyğun bir şəkil alıb, Azərbaycan torpaqlarının iyirmi faizi erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilib.
İyirmi ilə yaxın bir müddətdə Azərbaycan praktiki olaraq bütün dünya önündə haqq işini tanıtmaq, təsdiqlətmək istiqamətində təkbaşına mübarizə aparıb. Türkiyənin birbaşa dəstəyi cüzi beynəlxalq təsir effektindən o tərəfə keçə bilmədiyindən bu gün üçün Azərbaycanın nail olduğu beynəlxalq mövqeyi bilavasitə ölkəmizin səylərinin nəticəsi kimi dəyərləndirilməlidir.
Son dövrlərdə Azərbaycanın siyasi, iqtisadi, hərbi və beynəlxalq arenada yaratdığı planlı, arasıkəsilməz, güclü təzyiqlər Ermənistan dövlətini, onun rəhbərliyini, erməni xalqının anlaqlı hissəsini dəlilik həddinə çatdıracaq effekt yaratmaqdadır. Ermənistanın prezidentindən tutmuş adi vətəndaşa, elm aləmi, mətbuata qədər hər kəs və hər sahə antiazərbaycan isterikası içərisindədir. Bu isə onu göstərir ki, zərbələr hədəfə, ən əsası isə zədəli yerlərə dəyməklə ümumerməni ağrısını gücləndirir. Cavab olaraq ermənilər ən alçaq, rəzil, qeyri-insani tədbirlərə əl atırlar – xalqımızın mənşəyi, dilimiz, mədəniyyətimiz, keçmişimiz, görkəmli adamlarımız, ordumuz haqqında ağılasığmaz “elmi faktlar” sərgiləyir, dünyanın qəbul etdiyi dəyərləri belə təhrif etməkdən utanmırlar.
Son dövrlər ümumerməni xislətinin bir neçə istiqamətdə fəaliyyətləri xeyli güclənib, intensivləşib. Əgər 80-ci illərdəki reallıqları yenidən xatırlamaqla həqiqəti etiraf gücündə olsaq, gərək hadisələrə düzgün yanaşma sərgiləyək.
Erməni saytlarında Rusiyada yaşayan ləzgi, talış və onlarla bir notda səs çıxaranların antiazərbaycan saytları və mətbuatlarında gedən yazılara, məlumatlara vətəndaş məsuliyyətilə nəzər salmaqla düşmənlərimizin bizə qurduğu torların əhatəsini, hazırlanan sürprizlərin ortaya çıxacağı yerləri görə bilərik.
Bu reallığı dərk etmək, dəyərləndirmək üçün təmənnasız vətənpərvərlik, ətrafımızda baş verənlərə ayıq baxış, hər şeyi olduğu kimi görmək və təqdim etmək istəyi yetərlidir.
Erməninin mövqeyi, istəyi, arzusu, perspektiv məqsədləri barədə yəqin ki, hər bir azərbaycanlı qavrayışı səviyyəsində məlumatlıdır.
Erməni düşməndir. Ancaq bugünkü durum onu göstərir ki, Azərbaycanın düşmənlərinə sığınan, münasibət və ifadələrində, əməllərində ermənilərdən də sərt mövqe sərgiləyən ayrı-ayrı satqın vətəndaşlar, təşkilatlar, saytlar və sair haqqında Azərbaycan insanı lazimi səviyyədə məlumatlı deyil. Bu iki səbəbdən qaynaqlana bilər. Ya biz vəziyyətin ciddiliyini düzgün qiymətləndirmir, növbəti dəfə saymamazlıq edirik, ya da Azərbaycanın daxilinə yönəlik separatizim meyllərinin təhlükəsini əhəmiyyətli hesab etmir, bunu tək-tük şəxslərin incikliyi, qisasçılığı şəklində qəbul etməklə özümüzü sakitləşdirir, 80-ci illərdə ayaqlanan erməni seperatizminə yönəlik qeyri-ciddi münasibətimizi təkrarlayırıq.
Erməni istəkləri indi dünyada əvvəl olduğu kimi hədəflərə ulaşmır. Öndə Türkiyə və Azərbaycan var. Ona görə də ermənilər özlərinin və qalan milli azlıqların Azərbaycanda köklü, Azərbaycan türklərinin gəlmə xalq olduqları barədə yaratdıqları mif üzərində çoxşaxəli fəaliyyətlərini qurur, hər cür insani, elmi, dünyəvi həyasızlıqlara bürünərək çalışırlar.
Talış və ləzgi əraziləri, “dövlətləri”, əlifbaları, mədəniyyətləri, mənşələri, qədimlərə bağlanan kökləri barədə düşmən saytlarda “görkəmli” və etnik alim və “siyasi xadimlərin”, təşəbbüskeş erməni alimlərinin yazılarını oxuyanda yer adamın ayağının altından qaçır. Fikirləşirsən, qədim şərqin dövlətləri milli azlıqlar üzərində qurulubmuşsa, dünya tarixini yazanlar bu cür “böyükləri” nə əcəb nəzərdən qaçırıblar? Bu yazılara səviyyəli adamlar qiymət verə bilir və bilirlər ki, cəfəngiyyatdır. Ləzgi, talış, avar və sair əsilli gənclər belə yazıları oxuyanda hadisələrə real, düzgün qiymət verə bilərlərmi?
Orta məktəbdə öyrəndikləri Azərbaycan tarixi ilə müxtəlif düşmən mənbələrindən əldə etdikləri məlumatları, “faktları” tutuşdurub hansı nəticəyə gəlirlər sualının cavabını heç kəs birmənalı olaraq verə bilməz. Bu qaranlıq sahə işıqlandırılmalıdır.
Milli münasibətlər istiqamətində aparıcı xalqın arxayınçılığı, ziyalıların susqunluğu, fəaliyyətsizliyi, ictimai təşkilatların ətaləti, respublika daxilində milli kimliyə söykədilən birliklər, mərkəzlər, təşkilatların qeyri-müəyyən mövqeləri, din xadimlərinin cəsarətsiz davranışları milli birlikdə zədələr yarada bilər. Tək-tük alimlərin dəyərli, samballı, hədəfdən yayınmayan yazıları, təhlilləri, bəzi ziyalıların araşdırmaları xaricində bu sahədəki mübarizə meydanında boş ərazilər var.
Ağız-ağıza verib erməni ləhcəsi ilə qonşu həyətlərdən bizə qarşı səsləndirilən ittihamlara anında cavab verilməli, hər kəsə kimliyi və yeri göstərilməli, ərincəklik kompleksindən qurtulmalıyıq.
Dağlıq Qarabağ hadisələri başlayanda Bakıda, Gəncədə, başqa yerlərdə yaşayan erməni vətəndaşları müxtəlif vasitələrlə səfərbər edilib, separatçılara qarşı istiqamətləndirilə, hətta bizim xeyrimizə əməli fəaliyyətlərə cəlb edilə bilərdilər. Biz xalq və dövlət olaraq bunu etmədik. Bu səbəbdən düşmən sıraları çoxalır, ermənilərin ümumən Azərbaycan ərazilərində “zülm” çəkdiyi barədə yayılan məlumatlar dünya mediasının maraq sahəsinə düşür, beynəlxalq ictimaiyyət aldadılır, dünya dövlətləri bizə başqa nəzərlərlə baxırdılar.
İyirmi ildən çox bir müddət keçməsinə baxmayaraq bu şər yükünü ünvanımızdan kənara ata bilməmişik. Bu gün ermənilər, onların arxalandığı güclərin xeyir duası ilə təşkil edilən, istiqamətləndirilən və “yaman gün üçün yaraq” kimi saxlanılan ləzgi və talış problemi adı ilə qabardılan təşkilatlanmaların qarşısı qəti olaraq alınmalıdır. Dövlətimiz, onun xüsusi xidmət orqanları hər cürə naqisliyin qarşısını almağa borcludurlar və şübhəsiz buna qadirdirlər. Susqunluğun, süstlüyün, laqeydliyin acı nəticələrini gördüyümüzdən növbəti problemi yaradacaq rüşeymlər mümbit şərait tapmamalıdırlar. Azərbaycana sədaqət baxımından hər bir xalq, etnik qrup böyük hadisələr ərəfəsində özlərini əməldə təstiqləməlidirlər.
İran və Suriya ətrafında gedən proseslərin hansı problemləri yarada biləcəyini heç kəs proqnozlaşdıra bilməz. Müxtəlif fikirlər və deyimlərdən bir neçəsini qeyd etməklə şər qüvvələrin istəklərini aşkar görmək, hiss etmək mümkündür. Rusiyada yaşayan kürd alimi Rüstəm Rzqoyanın “yaxın şərqdə beynəlxalq münasibətlərin nostlazan sistemi, Rusiya və Kürdüstan” məqaləsindən: “Məqsədəuyğun olardı ki, Rusiya-Ermənistan-Kürdüstan geopolitik üçbucağı yaradılsın. Bu, Rusiyanın milli maraqlarına uyğundur və Türkiyə ilə Qafqaz arasında sanitar kordonu deməkdir”.
Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Əd-Din Hasuni “Dağlıq Qarabağ münaqişəsinin dinə aidiyyatı yoxdur, bu erməni xalqının iradəsinin təzahürüdür” deyir.
“Avar camaatı təşkilatı” adından Müslüm Maqamedov və başqaları, “Ümumdünya ləzgi xalq konqresinin sədri Maqomed Maqemedov, “Ləzgi gənclərinin ümumrusiya ittifaqının sədri Ənvər Abdullayev, rutul millətindən olan yazıçı Fazil Daşlay, İrandakı talış radiosu redaksiyasının direktoru Yaser Kərəmzadə tərəfindən imzalanmış “Qarabağda ermənilərlə aparılan müharibə bizim müharibə deyil” müraciəti azsaylı xalqlara ünvanlanmış antiazərbaycan məzmunludur və öz xalqlarını ermənilərə qarşı müharibədə iştirak etməməyə çağırışdır.
“Talış dirçəliş hərəkatının” lideri Fəxrəddin Abbaszadə “Cənubi Qafqazın böyük, müqəddəs xalqı olan ermənilər regionun bütün aboruigen xalqları üçün nümunə olub, onların gələcəyi üçün məsuliyyət daşıyırlar” söyləyir.
Erməni diasporu tərəfindən istiqamətləndirilən, onların məqsədlərinə xidmət edən, müsəlmnan qardaşların dili ilə səsləndirilən belə iyrənc fikirlər Azərbaycan cəmiyyətini daxildən parçalamağa yönəlib. Bu səpkidə yüzlərlə yazılar, məqalələr çap edilir, konfranslar çağrılır, tədbirlər keçirilir. Qısası düşmən yatmır. Bütün bunlara qarşı Azərbaycan tərəfin ictimaiyyət və mediya olaraq cavab tədbirləri mövcud duruma uyğun adekvat təsir yaratmır.
Azərbaycanın varlığı naminə əziləsi başlar sığallanmamalı, min illərlə davam edən birgəyaşayışı, vahid vətən, vahid dövlət anlamını təmin edən, onun qarantı olan hər bir iş vaxtında görülməlidir. Bu gün erməni tərəfini saxlayan müsəlmanın ermənidən fərqi yoxdur.
Qapımızda dəvətsiz, arzuolunmaz “qonaq” görmək istəmiriksə, real durumu, gözlənilən prosesləri məsuliyyətlə dəyərləndirməli, qaçılmaz görünən yeni dünya düzümündə yerimizi saxlamalı, zamanın yarada biləcəyi fürsətləridə qaçırmamalıyıq. 1917-ci il oktyabr inqilabının baş verməsindən təqribən bir əsr keçəndən sonra gözlənilən təlatümlər axınında Ermənistandan rus qoşunlarının çəkiləcəyinə ilkin şərtlər yaradan hərbi, siyasi gedişlərin perspektivli tərəfində ola bilməyimizin variantları da dəqiqləşdirilməlidir. Tarix təkrar olunur.
Bu dəfə vahid xalq olaraq ümummilli səhv etməyə haqqımız yoxdur.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...