Modern.az

Hüquq müdafiəçiləri prezidentlə görüşmək istəyirlər

Hüquq müdafiəçiləri prezidentlə görüşmək istəyirlər

Qarabağ

27 Dekabr 2011, 15:36

Onlar yaxın zamanlarda bu məqsədlə müraciət edəcəklərini bildirirlər

Bu gün Media Hüquqları Mərkəzinin ofisində Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi (AİHMM) 27 dekabrda 2011-ci ildə hüquq müdafiəçilərinin qarşılaşdığı təzyiq faktlarını özündə əks etdirən sənədin təqdimat mərasimini keçirib. Hüquq müdafiəçilərinin müdafiəsinə həsr olunmuş sənəd Beynəlxalq İnsan Haqları Federasiyası  (BİHF) və İşgəncələrə Qarşı Beynəlxalq Təşkilatla (İQBT) tərəfdaş olan AİHMM tərəfindən həyata keçirilən müştərək layihə əsasında ərsəyə gəlib. Bu artıq 14-cü hesabatdır, hansı ki, 5 dildə hazırlanır və 2010-cu ilin yanvarından 2011-ci ilin aprelinə kimi olan dövrdə hüquq müdafiəçilərinin vəziyyətini əks etdirir. Sənəddə Azərbaycan da daxil olmaqla, 70 ölkədə işgəncələrlə bağlı situasiyanı özündə əks etdirir. Sənəddə əsasən, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təzyiqlər, təqiblər əsas araşdırma predmeti olub. O şəxslər ki, onlar seçkilərin, mitinqlərin,  aksiyaların, küçə yürüşlərinin monitorinqi ilə məşğul olublar (hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsi). Bundan əlavə, hakimiyyəti tənqid atəşinə tutan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin izlənməsi, onların müxtəlif istiqamətli təzyiqlərlə üzləşmələri də araşdırmalarda ekspertlər tərəfindən diqqət mərkəzində saxlanılıb. Araşdırmalarda hüquq müdafiəçilərinə dövlət məmurları tərəfindən süni yollarla müxtəlif formalarda yaradılan məhdudiyyətlər də yer alıb. Sənəddə həmçinin QHT-lərin dövlət qeydiyyatına alınması prosesində olan problemlər, eləcə də, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlik və filiallarının da qarşılaşdığı problemlər əks olunub. Təşkilat xüsusi narahatlıq hissi ilə qeyd etməyi vacib hesab edir ki, Naxçıvan Muxtar Respublikasında hüquq müdafiəsi işi ilə sadəcə, məşğul olmaq mümkün deyil, bu, insandan qəhrəmanlıq tələb edir. Bölgədə bu sahədə vəziyyət çox ciddidir. Sənəddə eyni zamanda, 2009-cu ilin avqustunda baş vermiş Novruzəli Məmmədovun ölümü və bu işlə bağlı 2010-cu ildə aparılan istintaq prosesinin gedişi ilə də bağlı məlumatlar qeyd olunub. Təqdimat mərasimi Beynəlxalq İnsan Haqları Federasiyasının (BİHF) vitse-prezidenti və Belarus Hüquq Müdafiə Mərkəzinin sədri Ales Belyatskinin simvolik iştirakı ilə keçirilib. Belə ki, sənəd müəllifləri ekspertlərin sırasında sözügedən şəxsin simvolik üst geyimlərinin qoyulduğu boş kreslo qoyulub. 2011-ci ilin 4 avqustunda həbs olunmuş belarus hüquq müdafiəçisi 4 il 6 ay azadlıqdan məhrum edilib. Hesabat Avropa Birliyi, Norveç Hökuməti, Finlandiya, Fransa, İsveç, Frankofoniya Beynəlxalq Təşkilatı və Sigrid Rausing Trust təşkilatlarının maliyyə dəstəyi ilə hazırlanıb.

Tədbirdə ölkənin tanınmış hüquq müdafiəçiləri iştirak ediblər - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev. AİHMM tərəfindən hazırlanmış hesabatın əhəmiyyətini xüsusi vurğulayan hüquq müdafiəçiləri bununla yanaşı bir gün əvvəl dövlət başçısı tərəfindən imzalanmış əfv fərmanı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüblər.
“Biz Prezident İlham Əliyevlə görüşmək üçün yaxın zamanlarda müraciət edəcəyik. Çünki hesab edirik ki, yaranmış problemləri həll etmək üçün dialoqa ehtiyac var. Bunun üçün masa arxasında əyləşib müzakirələr aparmaq lazımdır. Biz bunun üzərində ciddi düşünürük. Bizim əvəzimə heç kim gəlib burada iş görməyəcək. Bunu nəhayət dərk etmək lazımdır”.

Səidə Qocamanlı isə qeyd etdi ki, sonuncu imzalanan əfv fərmanında onların gözləntiləri tam olmayıb: “Amma bununla yanaşı, bəzi siyasi məhbusların azadlığa çıxmasına sevinirik. Biz bu insanların hüquqlarının müdafiəsi ilə bağlı bir neçə ildir ki, iş aparırdıq. Onların evlərinə dönməsi bizi çox sevindirdi”.

Tədbir müzakirələrdən sonra yekunlaşıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu