“Ölkənin Ali Baş Komandanı tərəfindən silahlı qüvvələrin hərbiçilərinin mənzil təminatı ilə bağlı verilmiş fərman həyati məna daşıyır və qarşıdakı dönəm üçün Azərbaycanın ordu quruçuluğunda bu sferada fəaliyyət aparan insanların təminatında önəmli rol oynayacaq”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə imzaladığı fərmanla bağlı fikirlərini bölüşərkən deyib.
“Illər ərzində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ölkənin sənaye potensialı formalaşdırıldı, eyni zamanda qabaqcıl beynəlxalq təcrübə ilə mübadilə də baş verdi. Həmçinin müasir silah, texnika və s. resursları respublikamıza gətirmək baxımından çox vacib işlər görüldü. Əlbəttə bunun paralelində başlıca məsələ insan resursudur. Çünki həmin texnikanı, bütövlükdə digər müasir kommunikasiya vasitələrini, kəşfiyyat qurğularını da hərəkətə gətirən məhz Azərbaycan hərbiçisi və yaxud onun qulluqçusu, əsgəridir”.
Bu mənada onların sosial şəraitinin çox vacib məsələdən biri kimi nəzərdə tutulduğunu deyən deputat vurğulayıb ki, ötən dövrdə bu yöndə xeyli işlər də görülüb. O bildirib ki, bu gün MBD məkanında hər bir zabitə və ya əsgərə çəkilən xərcə görə, yəni dövlət smetasında xərclərin tutumunda Azərbaycan önəmli yerlərdən birini tutur: “Lakin bununla bərabər etiraf etmək lazımdır ki, çoxlu hərbiçilərin, bunların sayı kifayət qədər böyükdür, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyacı var idi. Onlar xidməti evlərlə təmin olunsa da təxris olunduqları zaman ciddi problemlərlə üz-üzə qalırdılar. Hərbi qulluqçuların arxada qoyduqları böyük xidmət dövrləri, keçdikləri yol, vətən üçün təmannasız çalışmaları fonunda onların gələcək həyatını sığorta etmək, buna ciddi real baza yaratmaq vacib idi”.
Zahid oruc düşünür ki, Prezident tərəfindən dünən verilmiş fərman bunu təmin edəcək: “Tikintisi yarımçıq qalmış binaların tikintisi başa çatacaq, eyni zamanda qüsursuz 20 ildən artıq xidmət edən insanların sayı dəqiqləşdirilərək onların əksəriyyətinin dövlət tərəfindən pulsuz təminatı baş verəcək.
“Bu özlüyündə hərbi peşəyə gələcək dövrdə can atan, onu özünün həyatının mənası, vəzifəsi sayan və dövlət qarşısında xidmətini yalnız hərbiçi formasında keçirmək istəyən insanlar üçün mühim stimul olacaq. Nəzərə alaq ki, hərbi sfera peşəkarlıq tələb edir. Yəni bütün əmək qabiliyyəti dövrünün hamısını buna yönəldən və şərəfli işi yerinə yetirmək istəyən insanların amalları qarşılığında dövlət ödənişlər etməli, öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan dövlətinin buna imkanı var”.
Millət vəkili hesab edir ki, bu fərman eyni zamanda ordu quruculuğunun gələcək dövrü üçün mühim bir mərhələ olacaq: “Yəni böyük şəraiti, iqtisadi, sosial durumu ən yüksək səviyyədə olan Azərbaycan zabitinin, hərbi qulluqçusunun bütün bu parametrlər üzrə digər düşmən dövlət üzərində mənəvi, sosial iqtisadi üstünlüyü olacaq. Bu, çox mühüm amildir və düşünürəm ki, 2012-ci ilə yönəlik və Azərbaycanın gələcəyi üçün Azərbaycan prezidenti tərəfindən hərbi qulluqçulara, Azərbaycan ordusuna və beləliklə, Azərbaycan millətinə ən böyük tövhə, hədiyyə təbrik oldu”.
Aytən ƏLİYEVA