Modern.az

Nizami Bərdəni vəsf edib, bəs bərdəlilər Nizamini niyə unudub?

Nizami Bərdəni vəsf edib, bəs bərdəlilər Nizamini niyə unudub?

30 Dekabr 2011, 12:51

Beş ilə yaxındır ki, dünya şöhrətli dahinin sökülmüş heykəli bərpa edilmir...

Nizami Gəncəvinin  öz əsərlərində  ən çox təriflədiyi şəhər qədim Bərdədir. Bir vaxtlar bu şəhərdə Nizaminin heykəli  də var idi, parkı da var idi, adına kinoteatr da...
Mərkəzi küçə də şairin  adını daşıyırdı. İndi nə heykəldən əsər-əlamət var,  nə parkdan, nə kinoteardan, nə də dünya şöhrətli dahinin adını daşıyan küçədən... Hazırda şairlərimizin adını daşıyan küçələr nə Şuşada, nə Laçında, nə Ağdamda, nə də Füzulidə var... Burada təəccüblü heç nə yoxdur, çünki həmin bölgələr erməni işğalı altındadır. Yox, qorxmayın, şükür Allaha ki, hələ Bərdəyə ermənilər girməyib. Amma fakt budur ki, səhv etmirəmsə, 2007-ci ildən Bərdə Rayon İcra Hakimiyyəti binası ilə üzbəüz Heydər Əliyev muzeyinin və heykəlinin beş addımlığında ucalan Nizami Gəncəvinin heykəli götürülmüş və yerində Muğam Evi tikilmişdi. Azərbaycan Bələdiyyə sisteminin internet saytında 26 mart 2008-ci il tarixdə  verilmiş məlumatda deyilirdi ki, Bərdədə -Tərtər çayının yaxınlığında Nizami parkının inşasına start verilib, heykəl də orada qoyulacaq. Həmin il park  da, heykəl də hazır olmalıydı... Artıq 4 ilə yaxın vaxt keçsə də, nə parkdan xəbər var, nə də heykəldən...

Bu ilin martında Bərdənin icra başçısı dəyişiləndə ümid etdik ki, yeni başçı tarix müəllimidir, ziyalıdır, yəqin elə ilk işlərindən biri Nizaminin heykəlini tapıb adına  layiq bir yerdə ucaltmaq olacaq.  Lakin onun da başı köhnə başçının sökdürdüyü mağazaları bərpa etməyə, sökdürmədiklərini sökdürüb yenidən tikdirməyə və küçələrin kənarına hasar çəkməyə  qarışdı. Nizaminin nəinki heykəli ucaldıldı, üstəlik, adı  mərkəzi küçədən də götürüldü və həmin küçənin səkiləri, terrasları yüksək səviyyədə bəzədilərək Heydər Əliyev prospektinə çevrildi...

Onu demək lazımdır ki, yeni başçı gələndən Bərdə şəhərinin mərkəzi zahirən xeyli gözəlləşib,  səliqə-sahmana salınıb. Düzdür, daxili küçələr və kənd yollarından  hələ də bərbad vəziyyətdə olanı var, zibil problemi də xeylidir. Ancaq mərkəzi prospekt və küçələr abadlaşmaqda, Qəhrəmanlar parkı, Bayraq meydanının tikintisi başa çatmaqdadır. Yollarda, kəndlərdə də abadlıq işləri davam etdirilir(Həmin işlərin hansı pulların hesabına, hansı keyfiyyətdə görülməsi, fəhlələrin zəhmət haqqının necə ödənilməsi və s. başqa söhbətin mövzusudur). Fəqət bütün bunların fonunda Nizami Gəncəvinin unudulması hər şeyi alt-üst edir... Axı  qonaq gələn hər kəsi bölgənin girişində  dahi şairin bu beyti qarşılayır:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir!..

Bu hara, dünya şöhrətli dahinin heykəlinin, parkının uçurulması hara? Muğam Evinin vacibliyini anladıq. Əcəba, Nizamisiz, Füzulisiz Azərbaycan muğamı nəyə gərək?..

Həqiri-bəndənizdən sual oluna bilər ki, niyə rayon başçısına və ya müavinlərə müraciət etmədin, niyə onlardan Nizaminin heykəlini sormadın... Düzü, mən onların əvəzinə özüm utanıram ki, dünyanı fəth etmiş dahi şairin heykəlinin itməyini və bərpa edilməyinin vacibliyini o boyda rayon rəhbərlərinin yadlarına salım. Həm də “reket” müxbirlər  rüşvətxor məmurların qapısını o qədər yağır ediblər ki, xoş məramla gedən yazarı da onlar kimi qəbul edirlər.  Düşünərlər ki, yəqin  mən də o biriləri kimi “hesab” almaq üçün bu faktla maraqlanıram.  Və o dəqiqə ya cibimə bir şey qoymaqla, ya da tanış-biliş vasitəsilə məni sakitləşdirərlər ki, ay bala, get işinlə məşğul ol, bu işlər sənlik deyil...

Doğrudan təəccüblüdür, bu boyda Bərdənin ağsaqqalları var,  Mədəniyyət və Turizm idarəsi var, Təhsil Şöbəsinin müdiri var, sığallanıb, geyinib-keçinib şəstlə  “Mersedes”də, “Cip”də gəzən ziyalı adlananları, “bərkgedən” məktəb direktorları var, adları qəzet və jurnallardan düşməyən əməkdar müəllimləri, dil-ədəbiyyat, tarix müəllimləri var; niyə birinin ağlına gəlmir ki,  axı biz ziyalı adlanırıq, yığışaq bir gedək rayon rəhbərliyinin yanına görək, bu Nizaminin heykəli haradadır, niyə bərpa olunmur...

Sadə adamlardan nə qədər soruşdumsa, heykəlin yerini dəqiq deyən olmadı... Yalnız bir neçə nəfər onu Tərtərin sağ sahilində “Azpetrol”un arxa tərəfindəki sexlərdən birinin qarşısında gördüklərini dedi...  Heykəlin götürülməsində iştirak etmiş, təsadüfən rastlaşdığım fəhlələrdən biri onun misdən (!) olduğunu vurğuladı, lakin hara aparıldığını bilmədiyini söylədi...

Yəqin ki,  rayon rəhbəri bu yazıdan xəbər tutsa, yeni Azərbaycanın adət-ənənəsinə uyğun olaraq yumruğunu masaya çırpıb əshabələrinə deyəcək: kimdir bu bizə ağıl verən, tapın gətirin bura, görüm onun arxasında kim durur...

Cənablar, hər birimiz bu ölkənin vətəndaşıyıq, övladıyıq... Fərq ondadır ki, sizin vəzifəniz, imkanınız var, bəndəniz isə   bu məmləkətin evsiz-eşiksiz, pulsuz-parasız didərgin vətəndaşlarından biridir. Sadəcə, bu vətənin, bu xalqın məni düşündürən problemlərini qələmə almağı özümə borc bilirəm... Arxa məsələsinə gəldikdə sizin arxanızda duranları hamı tanıyır, mənim arxamda duran isə yatsanız, yuxunuza da girməz... Amma bunun məsələyə qətiyyən dəxli yoxdur. Çünki bütün yazılarım kimi  bu yazını da kiminsə, hansısa qruplaşmanınsa diqtəsi ilə yox, öz vicdanımın səsi ilə yazıram... Amacım kiminsə vəzifədən getməsi-filan deyil və heç kimlə də şəxsi-qərəzliyim yoxdur. Odur ki, heç kəsin adını da çəkmirəm... Dərdim-sərim milli-mənəvi sərvətlərimizə - dahilərimizə  laqeyd münasibətdir... Nizamiyə hörmətsizliklə siz onun dahiliyinə yox, özünüzə, öz nüfuzunuza zərbə vurursunuz. Nizamiyə münasibət bu xalqa, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, onun mənəvi dəyərlərinə olan münasibətin bariz göstəricisidir...

Bütöv bir bölgənin bəşəriyyətin tanıyıb sevdiyi bir milli şairə belə münasibəti xalqımızın mövcud durumunun göstəricisidir; kasıbların başı hər gün bir qarın çörəkpulu tapmağa, varlıların, vəzifəlilərin başı isə pullanma, villatikmə, xaricdə mülk alma və s. yarışına qarışıb...

Demirəm ki, Bərdə əhlinin hamısı Nizami Gəncəvini tamamilə unudubdur... Sadəcə,  az-çox millətini sevən imkanlılar vəzifələrini, pullarını, kasıblar isə canlarının qorxusundan məşhur “nəyimə lazım” prinsipini rəhbər tutaraq susurlar...

Bizim məmurlarda  son 10-15 ildə çox əndirabadi bir  adət yaranıb: az qala, üzr istəyirəm, ayaqyolu tikmək üçün də yuxarıdan göstəriş, yardım gözləyirlər...Ölkə rəhbərliyi dəfələrlə Bərdənin abadlaşmasına pul ayırıb... Mən də məcburən Bərdə sakinləri adından ölkə başçısına müraciət edirəm, cənab prezident, Bərdədə Nizami Gəncəvinin yoxa çıxmış heykəlinin tapılıb bərpa edilməsi üçün də pul ayırın...

Onu da unutmayın ki,  prezident həmin pulu ayırsa, bu sadə camaatla bərabər hər bir söküntüdən, tikintidən  yeyinti etməyə adət etmiş zəhmətkeş məmurları da sevindirəcək...

Ümumiyyətlə, mən heykəlləşmənin əleyhinəyəm, çünki bu, bütpərəstlik əlamətidir... Amma əgər sökülürsə, hamının heykəli sökülsün... O da var ki, Nizami Gəncəvi kimi dahilərin  portretlərinin, heykəllərinin küçələrə, parklara düzülməsinə heç ehtiyac da yoxdur... 14 əsrdir sevə-sevə qəlbimizdə gəzdirdiyimiz Peyğəmbərimizin(s), əzasını saxladığımız imam Hüseynin(ə.s.), Həzrət Abbasın  və s. heykəllərini görən olubmu? Onlar öz heykəllərini insanların qəlblərində qurublar... Bu heykəlləri isə şahların, prezidentlərin, hökumətlərin, icra başçılarının sərəncamı, göstərişi ilə sökmək, uçurtmaq mümkün deyil...

Nizaminin bir bənd şeri yerinə düşür:

Qoluzorlulardan ölkəmizdə bax,
Qarışqalar olmuş belə sinədağ.
Bu bir ölkədir ki, cox dönüksözlü,
Ağa qara deyir, kora da gözlü...

Sultan Laçın

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU