Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Qasımlı 2011-ci ildə Azərbaycanın qazandığı uğurlara diqqət çəkib. Modern.az saytının məlumatına görə, o, “Avroviziya”da Azərbvaycanın qələbəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
M.Qasımlı eyni zamanda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında da təmsil olunmasını ölkə diplomatiyasının qələbəsi kimi qeyd edib. Fransanın bir neçə gün öncə qondarma “erməni soyqırımı”nı inkar edənləri cinayət məsuliyətinə cəlb edilməsi ilə bağlı qərarına toxunan M.Qasımlı bildirib ki, Yeni il bayramından sonra Fransanın əksər nüfuzlu media nümayəndələrini Azərbaycana dəvət etməliyik.
M.Qasımlının sözlərinə görə, İraqda Kərkük türklərinin hər biri özünü azərbaycanlı hesab edir və burda Azərbaycanın konsulluğunun açılması məqbul sayılardı.
Deputat deyib ki, bəzi nazirliklərin keçirdiyi tədbirlərdə millət vəkillərinə oturmağa yer olmur. “Müstəqiliyimizin 20-ci ilidir, artıq möhtəşəm dövlət yaratmışıq. Amma bir məsələni qeyd etmək istərdim ki, bəzi nazirliklər bəzən tədbirlər keçirirlər. Hətta ağsaqqal deputatlara belə oturmağa yer olmur, dəvət etmirlər. Cənab sədr, xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bildirəsiniz, köməklik göstərsiniz”.
Modern.az