Milli Məclisdə çıxış edən vitse-spiker Bahar Muradova parlamentin sədrinə Fransa Senatına müraciət hazırlayan komissiyanın yaradılmasına görə təşəkkür edib.
“Bu təqdirəlayiq haldır. Millət vəkilləri Azərbaycan cəmiyyətinin rəyini nəzərə aldığı üçün sədrə təşəkkür edirik”.
Modern.az saytının məlumatına görə, Bahar Muradova daha sonra bildirib ki, TürkPA Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərara münasibət bildirməlidir. Eyni zamanda deputat qeyd edib ki, bu, yalnız TürkPA-nın məsələsi deyil. Eləcə də bütün beynəlxalq təşkilatlar sözügedən məsələyə münasibət bildirməlidir.
“ATƏT, Avropa Parlament Assambleyası, Avropa Şurası kimi təşkilatlar insan hüquqları pozulanda məsələ qaldırırlar. Bu onların vəzifəsidir. Amma indi Avropa dəyərləri pozulub, anormal sənəd qəbul olunub. Buna qarşı da səs qaldırmaq, etiraz etmək lazımdır. Mən öz adımdan təmsil olunduğun ATƏT Parlament Assambleyasında bu məsələni qaldıracam. Digər beynəlxalq təşkilatlarda iştirak edən həmkarlarımdan da xahiş edirəm ki, bu məsələni mütləq gündəmə gətirsinlər”.
B.Muradova daha sonra siyasi məhbuslar məsələsinə toxunaraq qeyd edib ki, Prezident hümanistlik edərək insanları əfv edir. “Amma görün əfv üçün ərizə yazanlar həbsdən çıxandan sonra nə məsələ qaldırırlar, deyirlər ki, “əfv ərizəsi yazmamışıq”, bu kimi hadisələr necə ola bilər?”
B.Muradova eyni zamanda çıxışında dialoq məsələsinə toxunub. O bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman dialoqa hazır olub.
“Biz dialoqdan heç zaman qaçmamışıq, müzakirəyə hazırıq”.
Deputat çıxışının sonunda qeyd edib ki, yeni fəaliyyət proqramı hazırlanır. Bu proqram 2012-ci ildən 2021-ci ilə kimi Azərbaycana baxış məsələsini özündə əks etdirir: “ Hesab edirəm ki, artıq bu məsələdə Azərbaycandakı hər bir siyasi təşkilat öz töhfəsini verməlidir, burada diqtə etmək, tələb etmək deyil, töhfə verə bilərlər”.
Modern.az