Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisdə müraciət qəbul olunub.
Modern.az saytının məlumatına görə, müraciəti YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı səsləndirib. Müraciətdə xalqa təbrik və Azərbaycanın ümummilli məqsədlərinin gerçəkləşməsi, xalqın mənafelərinin qorunması naminə birliyə çağırış yer alıb.
“Dünyanın dörd bir yanına səpələnən on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.”
Milli Məclisin payız sessiyasının sonuncu iclası Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.