Özgə vaxtlar gərgin iş rejimi telekanallara baxmağa imkan vermir. Səhərdən axşamacan kompüterin qarşısında əyləşdiyimizdən evə gedəndə gözlərimizin dincəlməsi üçün televiziya ekranı qarşısında əyləşmirik.
Bu bayram günləri evdə qalmağımızdan istifadə edib aradabir telekanallarda verilən proqramlara baxmaq istədim. Pultun düymələrini tez-tez basmaqla kanalları ələk-vələk eləyirdim ki, ATV-də “22-ci saat” adlı tok-şounun başlandığını elan etdilər və əl saxladım.
“22-ci saat Emin Musəvi ilə” adlı proqramın Yeni il buraxılışında qonaqlar digər şoulardan tanıdığımız simalar idi. Onları az öncə başqa kanallardakı verilişdə görmüşdüm, oxuyanlar idi, nə barədəsə söhbət edəcəkdilər. Ha səbrimi basdım, amma yox, təşkilatçıların tok-şou adlandırdığı bu verilişə baxmağa dəmir hövsələ lazım idi... Barmaqlarım sanki avtomatik olaraq pultun “çevir” düyməsini basdı.
Həmin anda gözüm divardan asılmış saata sataşanda duruxdum. Saat 22.05 idi. Yəni vaxt 23-cü saatdan gedirdi. Pultun düyməsini basıb yenidən verilişə qayıtdım, səhv etməmişdim, tok-şounun adı “22-ci saat” idi. Birinci dəfəydi bu proqramı görürdüm. Fikirləşdim yəqin Yeni il verilişləri çox olduğundan bu “tok-şou”nu adına uyğun olmayan saatda yayımlayrılar.
Amma evdə dedilər ki, heç də maraqlı olmayan "22-ci saat" adlı bu veriliş həmişə saat 22.00-da başlayır. Maraqlıdı, bu boyda da səhv olarmı? Axı 22.00-dan sonra 23-cü saat başlayır. Belə olan təqdirdə, normal məntiqlə Emin Musəvinin “22-ci saat” verilişi saat 21.00-da başlamalıdır. Çünki məhz həmin anda 22-ci saat başlayır. Saat 22.00 olursa, artıq biz 23-cü saata başlayırıq, ATV-də isə Emin Musəvi yanlış olaraq 22.00-da “22-ci saat”a başlayır. Təəccüblüdür, görəsən ATV-də indiyədək bunu bilmirlərmi..? Bəs verilişə çağırılan qonaqlar..? İnanmıram ki, bilməsinlər...
Belədirsə, onda niyə verilişin yaradıcıları özləri-özlərinə güldürürlər?