Adolf Hitler heç də sevdiyim bir tip deyil. Heç zaman ona rəğbətim olmadı və olması da mümkün deyil. Çünki insanlığa ən böyük dəhşətlərdən birini yaşatmış bu qəddar şəxsin hətta yaxşı yönləri də pis əməllərinin kölgəsində qalır. Bununla belə, hər kim olur olsun, əməlinin dəyəri verilməlidir.
Eşitdiklərimdən, oxuduqlarımdan çıxış edərək Hitlerin bir əməlini örnək olaraq göstərmək istərdim. Deyilənlərə görə, o, hakimiyyət başına gəldikdən sonra atdığı kəskin addımlarla alman millətini (xalqını deyil) ən mədəni, ən yüksək və ən dürüst bir səviyyədə tutmağa çalışırmış. Bunun üçün gerçəkləşdirdiyi addımlardan biri də qatara biletsiz minənlərlə bağlı olub. Belə rəvayət edirlər ki, günlərin bir günündə Hitler şəxsən özü bir qatarı bir yerdə saxlatdırır və bütün sərnişinlərin aşağı düşməsini əmr edir. Hər kəs aşağı düşdükdən sonra bileti olanların yenidən qatara minməsinə izn verir. Bir xeyli sərnişin biletsiz olduğundan qatara minə bilmir. Hitler heç bir sorğu-sual etmədən onları sıraya düzüb hamısını güllələtdirir və deyirlər ki, ondan sonra nəzarət olmasa belə heç bir alman nəinki ictimai nəqliyyata biletsiz minmir, ümumiyyətlə bu millət başının üzərində nəzarət gərəkdirməyəcək qədər ağıllanır.
Bilmirəm, Hitler haqqında deyilən bu olay doğrudur, ya yalan, ancaq qəddar olsa da dərs alınası örnəkdir. Bəzən insanları gərəkli bir şeyə alışdırmaq, doğru yola çəkmək üçün belə yöntəmlərə də gərək duyulur…
Məsələmizə gəlincə, Azərbaycan 20 ildən çoxdur ki, bağımsız bir dövlətdir. Təbii ki, bu bağımsızlığın özüylə gətirdiyi bir sıra imkanlar da var. Ancaq nə kəramətdirsə, həmin imkanlardan bir cür yararlana bilmirik ki, bilmirik. Yəni yararlanmaq istəmirik desək, daha doğru olardı.
Bir zamanlar, daha doğrusu 10 il öncə Azərbaycanda həll edilməmiş bir əlifba sorunu vardı. Hələ 1992-ci ildə ölkəmizdə rəsmi şəkildə latın əlifbasına keçilməsi qərarlaşdırılmışdı. Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində bu işin tam olaraq başa çatdırılması planlaşdırılırdı. Ancaq 4 iyun 1993-cü il tarixində Rusiya dəstəkli antimilli və xəyanətkar güclərin gerçəkləşdirdiyi dövlət çevrilişi bir çox milli məsələlər kimi bu işi də yarıda buraxmışdı. Bununla belə, sağ olsun, prezident Heydər Əliyev yarıda qalan bu işi gec də olsa, 2001-ci ilin avqustunda bir sərəncamla qısa müddət ərzində həll etdi. Doğrudur, həmin qərarın alınmasında bizim kimi insanların müəyyən pərdəarxası çalışmaları da olmuşdu. Lakin pərdəarxası dediyimiz məsələnin pərdə arxasında qalmasının gərəkliliyini dilə gətirərək əlifba söhbətini qapatsaq yaxşıdır. İndi sıra ortaq türk əlifbasındadır ki, inşallah, onu da həll etməyə yaxınlaşmaq üzrəyik.
Böyük öndər Elçibəyin yarımçıq buraxmalı olduğu işlərdən daha biri də soyadlarla bağlı idi. İsa Qəmbərin başçılıq etdiyi Ali Sovetin bu məsələ haqqında da qərarı vardı. Düzdür, farslara aid –zadə soyad sonluğunu da içərməsi baxımından qərar bir qədər qüsurlu idi, ancaq icraat açısından çox əlverişli sayıla bilərdi. Çünki orada yazılırdı ki, vətəndaşlar soyadlarındakı rus sonluğunu rəsmən dəyişdirənə qədər istədikləri yerdə milli şəkildə qullana bilərlər. Həm də soyadların milliləşdirilməsi üçün vətəndaşların hər hansı rüsum ödəməsinə gərək yox idi…
Ancaq prezident Heydər Əliyevin həll etdiyi əlifbadan fərqli olaraq bu soyad məsələsi hələ də bir boyunduruq olaraq boynumuzdan asılıb qalmaqdadır. Nə hikmətdirsə, insanlarımız bir zamanlar bizim torpaqlarımızı işğal edən, bəlkə də onlarla Xocalı faciəsindən daha dəhşətli faciələr yaşatmaq hesabına milli kimliyimizə əl qoyan farslardan və ruslardan miras qalmış soyad sonluqlarından əl çəkmək istəmirlər ki, istəmirlər! Nədir axı insanlarımızı bu duruma düşürən?
İnsanlarımızın böyük bir qismi vecsizdir! Təəssüflər olsun əlbəttə! Dövlət üzərinə düşəni zatən edib: soyadlarımızdakı işğalçılardan qurtulmaq üçün çox sadə bir qayda müəyyənləşdirilib. Hər kəsin sənədini əlinə alaraq bir-iki idarənin qapısını döyməsi lazımdır ki, bunu da etməyə ərinənlərimiz həddən artıqdır deyəsən…
Nə etməli o zaman? Bir az daha qərarlı davranmalı məncə. İndi bu cür məsələləri həll edəcək Hitlerimiz də yoxdur. Soyad məsələsi bir əlifba məsələsindən fərqli olduğu üçün Heydər Əliyev kimi kəskin qərar vermək də mümkün deyil. Ona görə də iş qalır vətəndaşın üzərində!
Mən vətəndaş olaraq öz üzərimə düşəni etmiş birisiyəm. Həm ailə üzvlərimin, həm də şəxsən özümün pasportumda soyadım işğal qalığı olmadan yazılıb. Bununla yetinməyərək zaman-zaman başqalarının da uyğun addım atması üçün çalışırıq və nə yaxşı ki, bu günə qədər xeyli uğur qazanmışıq.
Və belə addımlardan birini hardasa altı ay öncə atmağa başladım. Facebook dostlarım arasında rus və fars soyad sonluğu daşıyanları aşkar edib uyardıqdan sonra onlarla virtual dostluğuma son verməyə başladım. Bir az irəliləmişdim ki, bəzi dostlarım məni bu cür şəxslərə bir az zaman tanımağın gərək olduğuna inandırdı. Tanıdıq da zatən…
İndi yenə də həmin məsələyə qayıtmışıq. Facebook dostlarımın arasında rus və fars soyad sonluğu daşıyanları artıq iki gündür təmizləməyə başlamışam. Bəziləri bunu sakitcə qəbul edir. Ancaq bəziləri olmazın bəhanələr ürətərək özlərinə haqq qazandırmağa çalışır. Ən çox gözə çarpan bəhanə də budur ki, Azərbaycanın soyad məsələsini həll edəcək idarələrində süründürməçilik, rüşvət və s. kimi mənfi hallar var. Şübhə etmirəm ki, belə hallar var. Ancaq, axı bu, vəziyyətdən çıxış yolu deyil. İndi rus, fars deyil də, erməni soyadı daşımağa məcbur edilmiş olsaydıq, hansısa bürokrat üzündən buna da boyun əyməyə razı olmalıydıqmı? Yəqin ki, bu cümləni oxuyanlar bir ağızdan “Əsla!”, deyə cavab verirlər. İşğalçının yaxşısı-pisi olarmı heç? Olmaz! Çağımızda Xocalıda ermənilər bizə nə və nə üçün etdilərsə, ruslar və farslar onlardan yüz illər öncə və həm də yüz illər boyu həmin hadisələrin on, yüz qatını etmədilərmi?! Elə isə rus və fars mirası olan soyad sonluqlarından qurtulmaq bizim üçün bir namus, şərəf məsələsi deyilmi? Mən belə anlayıram və belə də hərəkət edirəm. Siz necə, əziz soydaşlarım?!