Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bəyan edib
İran İslam Respublikasının bir sıra dairələri tarixi təftiş etmək niyyətinə düşüblər. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, yaxın günlərdə Tehrandakı Gülüstan Saray Müzeyində 1828-ci ildə çar Rusiyası ilə İran şahı arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bildirilib.
Məlumatda qeyd olunur ki, 1828-ci ildə bağlanmış bu müqavilə bir neçə ildən sonra dəyişdirilib.
“Türkmənçay müqaviləsi Fətəli şahın zamanında İranla Rusiya arasındakı Azərbaycan və Cənubi Qafqazda aparılan müharibələrin yekununda imzalanıb. Bir neçə il ötdükdən sonra, yəni hicri-qəməri təqvimi ilə 1310-cu il zilhiccə ayının 23-də Nəsrəddin Şahın terrora məruz qalmasından 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə aparıblar, sonda yeni müqavilə ilə Türkmənçay müqaviləsinin bir çox bəndləri ləğv olunub”-deyə verilən gözlənilməz açıqlamada vurğulanıb. Bildirilib ki, bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu tarixi dəyərli sənədin təqdimatı tezliklə elan olacaq.
Bununla da İran əlində guya Türkmənçay sülh müqaviləsinin ləğv olunmasına dair mühüm sənədin olduğunu göstərmək istəyir. Əslində isə bu demarşı son zamanlar Azərbaycan-İran arasında olan “soyuq müharibə” tendensiyasının bir detalı saymaq olar. İranın bir sıra dairələri xeyli zamandır ki, tarixi təftiş etmək eşqinə düşərək Azərbaycan torpaqlarının “ana İrandan” ayrı düşdüyü barədə vay-şüvən qaldırırlar. Onlardan bəziləri hətta uzağa gedərək Azərbaycanı “Aran” adlandırmaqdan belə çəkinmirlər. İki ölkə arasında dostluq münasibətlərinə xələl gətirən belə addımlar daha çox bölgədə İrana yönəlik beynəlxalq təhdidlərin fonunda aydın nəzərə çarpır. İranın bir sıra dairələri bu yollarla rəsmi Bakıdan bölgədə eyni xarici siyasi kursun aparılmasına nail olmaq istəyir.
X.SƏFƏROĞLU