Modern.az saytı "Xalq" və "Əməkdar" fəxri adına görə müavinət alanların da sayını dəqiqləşdirib
Hər il Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş bir qrup şəxsə müxtəlif fəxri adlar, prezident təqaüdü verilir. Bu sırada mədəniyyət, incəsənt, ədəbiyyat sahəsində tanınmış sənət adamları, yazıçı və şairlər üstünlük təşkil edirlər. Bununla yanaşı, istimai sahədə xüsusi xidmətlər göstərmiş, elm və təhsildə fərqlənmiş bəzi şəxslər də müxtəlif fəxri adlara, prezident təqaüdünə layiq görülürlər. Bəs hazırda onların sayı neçə nəfərdir?
Modern.az saytı bu suala cavab tapmağa çalışıb.
Bunun üçün əməkdaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən Modern.az saytına bildirilib ki, 2011-ci ilin yekunlarına görə, Azərbaycanda əhalinin 4,2 faizi sosial müavinət alır. Bu isə təxminən 333 min nəfər deməkdir. Sosial müavinət alanların 74,4 faizinə aylıq, 25,6 faizinə isə birdəfəlik müavinət verilir.
2011-ci ilin yekunlarına görə, Azərbaycanda 34 mindən çox adama prezident təqaüdü verilir.
Nazirlikdən bildirilib ki, 2011-ci ilin yenunlarına görə, 1675 nəfərə fəxri adlara görə təqaüd verilir. Bunlardan 166 nəfəri “Xalq” fəxri adına, 1509 nəfəri isə “Əməkdar” fəxri adına görə müavinət alır.
Hazırda “Xalq” fəxri adına (“Xalq artisti”, “Xalq rəssamı”, “Xalq şairi” və s.) görə 50 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist”, “Əməkdar müəllim” və s.) görə isə 30 manat maddi vəsait verilir.
Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikada 7 növ prezident təqaüdü verilir. Məsələn, Prezidentin fərdi təqaüdünü alan şəxslərə ayda (1000 manat), Milli Qəhrəman adı verilmiş şəxslərə ayda 600 manat verilir.
Qarabağ müharibəsində şəhid olanların ailələrinə, 1990-cı ilin 20 yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, müharibə əlillərinə də müxtəlif məbləğlərdə prezident təqaüdü verilir.
Sədaqət SÜLEYMANOVA