Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Modern.az saytına verilən məlumata görə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən 2011-ci ilin dekabr ayında davamlı olaraq tədbirlər həyata keçirilib və və müvafiq nəticələr əldə olunub.
2011-ci ilin dekabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5.842 müraciət daxil olub.
Məlumata görə, müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib .
Həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 1.247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 870 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Modern.az