“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir. Belə ki, 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2 faiz artıb.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2011-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 966 854 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 56 faizi kişi, 44 faizi isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 479 591 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 417 008 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 450 595 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 422 966 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 196 694 nəfərdir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Modern.az