Qərb şərhçiləri Rusiyanın hökmranlıq etdiyi Mərkəzi Asiya ölkələrində Çinin hegemonluğu ələ alacağının gözlənilən olduğunu vurğulayır. Buna səbəb kimi isə Rusiya iqtisadiyyatında yaranan durğunluq göstərilir.
Çin də bundan istifadə edərək öz istehlak mallarını Mərkəzi Asiya ölkələrində çoxaltmağa çalışır. Bəs Azərbaycan iqtisadiyyatında necə, Çinlə ixrac və idxal məsələlərində vəziyyət nə yerdədir ?
Mərkəzi Asiya ölkələrində üstünlüyü ələ almağa çalışan Çin, ölkəmizə də niyyətlidir? Bu məsələ ətrafında iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a danışıb.
“Azərbaycanla Mərkəzi Asiyanın iqtisadi modelində və münasibətlərində coğrafi, siyasi baxımdan ciddi fərqlər mövcuddur. Azərbaycanın qlobal layihələrin moderator kimi iştirakçısı və bəzi hallarda idarəedicisi kimi bütün beynəlxalq layihələri Qərblə bağlıdır.Yəni ixracatımızın da böyük hissəsi Avropa İqtisadi Birliyinə nəzərdə tutulub. Təəssüf olsun ki, ixracatın böyük hissəsi enerji daşıyıcılarından aslıdır ki, hər halda bu da bütün iqtisadi münasibətimizin Qərblə olmasına dəlaət edir. İstehlak mallarına gəldikdə isə burda çox çeşidli ölkələrdən daha çox məhsul alırıq. Burda da qonşu ölkələr daha çox üstünlük təşkil edir. Bura Türkiyə, Gürcüstan İranla ticarət münasibətləri daxildir. Xüsusilə son vaxlar İrandan idxal sürətlə artıb.
Buna da səbəb İran rialının qiymətinin aşağı düşməsidir. Bu sistemə baxdıqda təbii ki, Çindən də Azərbaycana malların gətirilməsinə maraqlı olan şirkətlər var.
Çünki Çinin ixracat bazarı bütün dünyanı hədəf götürüb, nəinki konkret olaraq hansısa bölgəni. Mərkəzi Asiya ölkələrinə yaxınlıq da Çinin cazibə qüvvələrinin artmasına səbəb olur. Bu da Qazaxıstanda müzakirə olunan məsələrdən biridir. Hətta bununla bağlı Rusiya və Qazaxıstan arasında müəyyən narazılıqlar yaranıb. Çünki Qazaxıstan və Rusiya arasında gömrük rüsumları normal qaydada alınmır amma Çin şirkətləri Qazaxıstanda öz mallarını Qazaxıstan şirkətləri adı altında Rusiyaya rüsumuz ixracı ilə məşğuldur. Bu da Rusiyanı narahat edir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da Çin məhsullarının idxalında artım var.
“Bu daha çox əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Belə ki, əhalinin alıcılıq qabiliyyəti artdıqca Çindən gələn məhsulların həcmi də çoxalır. Birbaşa Çinin Rusiya ya Türkiyə bazarını həmçinin Avropa Birliyi ilə münasibətləri yaxın zamanlarda əvəz edəcəyini düşünmürəm. Çünki Azərbaycanın iqtisadiyyatı buna uyğun deyil. Lakin Çin təbii olaraq çalışacaq ki, Azərbaycanda da ixracat potensialını artırsın”.