“Xalq ulduzu” layihəsinin ilk seçimində iştirakçılar arasında yaşca bəlkə də ən böyüyü olan Şəhla Həmidovanın səsi diqqətimi ilk gündən cəlb eləmişdi. Cəmisi bir-iki həftədən sonra bəlli oldu ki, əbədiyaşarlıqları ilə yaddaşlarda həkk olunan, səslənməkləri ilə bütün xatirələri oyadıb, insanların ruhunu oxşayan xalq və bəstəkar mahnılarının əvəzsiz ifaçısını az qala zərgər dəqiqliyi ilə tanıyıb seçən bir mən deyilmişəm.
İstisnasız olaraq Şəhlanı “Xalq ulduzu - 1”-in elə birincisi görməyə başladı tamaşaçı əksəriyyəti. Müəyyən mənada buna nail də olundu. Düzdür, birinci üçlüyə düşənlər də pis oxumurdular. Ancaq Şəhlanın səsi və yaddaşlarda yaşayan sevimli mahnılarıza hörməti geniş auditoriyanın diqqətindən yayınmamışdı. Qalibisə zəhrimara qalmış “SMS”-lər müəyyən edirdi. “SMS”-lər Şəhlanı dördüncü yerdə qərarlaşdırdı. Bu da pis nəticə deyildi. Baxmayaraq ki, Azərbaycan musiqi sənətinin cəfakeşlərindən olan Zeynəb xanım Xanlarova elə yarışmanın gedişində canlı telefon bağlantısı ilə Şəhla xanıma xitabən “Sən artıq sənətkarsan. Səni üzə çıxarmaq üçün yarışmalara ehtiyac yoxdu” demişdi.
Şəhla Həmidovanın diqqətləri çəkən bir özəlliyisə onun qüruru idi. O, azərbaycanlı xanımına məxsus bir məğrurluqla tamaşaçıdan yalnız sənətinin, səsinin dəyərləndirilməsini istəyirdi. Bununçün hətta bir sıra yarışmalar zamanı efirdən səslənib iyrənc bir aura yaradan - bölgələrdən, rayonlardan, kəndlərdən, hətta nəsillərdən səs istəmək kimi mahiyyətcə bölücü vasitələrdən də istifadə etmək istəmirdi. O, öz səsini bütün Azərbaycanla paylaşmağı bacarırdı. Bəlkə belə də yazmaq olar ki, o, öz səsinin bütün Azərbaycana yetişdiyinə əmin idi. Elə bizim əmin olduğumuz kimi...
...Hər halda yarışmalar son addım deyil. Müğənni həyatı bütün dünyada davam edir. Azərbaycan bu sırada kəmiyyət baxımından bəlkə 100-200 milyonluq ölkələri, xalqları da qabaqlayır. Ancaq kəmiyyət baxımından. Bəs niyə kəmiyyət?
Bunun izahı üçün yəqin ki, Amerika kəşf etməyə ehtiyac olmayacaq. Yaşadığımız reklam zəmanəsində Şəhla Həmidova kimi səsləri arayıb-axtarmaqda maraqlı olmayanlarımızın sayı maraqlı olanları qat-qat üstələyir. Üstəlik qürurunu qoruyan sənətkarların da dəyərini verənlərin sayı azalır. Nəticədə itirən Azərbaycan musiqisi, xalqımızdır. Hər şeyi reklama qurban verənlərin bu barədə düşünməyə yəqin ki vaxtları olmaz...
O zaman efirdən elan etmişdilər ki, kimsə guya adının gizli qalması şərtilə Şəhla xanıma mənzil hədiyyə edib. Bundan Şəhla xanımın sənətini bəyənənlər sevindilər də. Bir müddət ötəndən sonra mətbuatdan deyilənlərin yalan olduğu üzə çıxdı. Bu zaman da Şəhla xanımın qürurunu satmaması mətbuata verdiyi açıqlamada da aydın sezilirdi. Təki onun sənətinə dəyər versinlər. Qayğılarını özü də qarşılaya bilər bundan sonra.
...İnternetdə, Google proqramında da çox az məlumat tapa bildim bu təkrarsız səs və onun sahibəsi haqqında. Bu da dövrümüzün “özəllikləri”, dəyərlərimizin ucuz, şit reklama qurban getməsinin acı nəticəsidir yəqin. Onun sabahımıza vuracağı zərbələri indidən hesablamaqda isə acizəm.
...Vaxtilə mərhum sənətkarımız “Kəsmə-şikəstə” ustası Fatma Mehrəliyevaya da sayğısız münasibət sərgilənmişdi. Heç kim dünyanı cismən tutub sonadək yaşamır. Fatma xanım da hamı kimi bu dünyadan köç etdi. Ancaq nadanlıqlar nəticəsində itirən nadanlardan daha çox Azərbaycan xalqı oldu...
...Bu yazını xatırlatma, eləcə də Azərbaycanın gerçək musiqi sənətinin yaşaması və inkişafına kömək məqsədilə yazdım. Xalqını və xalq sənətini sevən musiqişünaslara, vaxtını mənasız şou-proqramlarla keçirən televiziya əməkdaşlarına özümün də yerini və ünvanını dəqiq bilmədiyim ŞƏHLA HƏMİDOVA səsini axtarıb tapmalarını və onu yeni mahnılara ruhlandırmalarını arzulayıram.