“Yanvar ayının 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayacaq. Elə həmin gün qurumun prezidentinin, vitse-prezidentlərinin seçkiləri olacaq”.
Bu barədə Modern.az saytına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.
Deputat deyib ki, Assambleyanın bürosunun və daimi komitənin inkişaf məruzəsi ətrafında müzakirələr də olacaq. O, sessiyanın gündəliyini açıqlayıb:
“Nazirlər Komitəsi adından məruzə olacaq. Böyük Britaniyanın Avropa Beynəlxalq Xarici məsələlər naziri Devid Lidinqton Parlament Assambleyasının Nazirlər Komitəsi adından çıxış edəcək və suallara cavab verəcək. İnsan Haqları üzrə Avropa Komissarının seçkisi olacaq. Bosniya-Hersoqovinada demokratik instituların vəziyyəti müzakirə olunacaq. Finlandiyanın prezidenti çıxış edəcək və suallara cavab verəcək. Avropa Şurasının baş katibi də çıxış edəcək və suallara cavab verəcək.
“Hər kəsin mədəni həyatda iştirak hüququ” mövzusu ətrafında müzakirələr olacaq və YUNESKO-nun baş direktoru İrino Bokova da çıxış edəcək. İnsan Haqları üzrə Avropa Konvensiyasının qüvvəsinin və effektivliyinin təmin edilməsi mövzusu müzakirə ediləcək. Belarusda vəziyyət müzakirə olunacaq. Gürcüstanın xarici işlər naziri Vaşadze çıxış edəcək və suallara cavab verəcək. Avropa Şurasının insan haqlari üzrə komissarının 2011-ci il üzrə məruzəsi dinləniləcək. Komissar Tomas Hammarberq çıxış edəcək və suallara cavab verəcək. Serbiyanın üzərinə götürdüyü öhdəliklər müzakirə olunacaq. Pasiyentlərin hüquqlarının müdafiəsi ətrafında müzakirələr olacaq. Dünyada qadın haqları mövzusunun önə çıxarılması ətrafında müzakirələr olacaq. Qadınlara qarşı və məişət zorakılığının qarşısının alınmasına dair Avropa Konvensiyasının fəaliyyəti və Avropa Konvensiyasının o ətrafda müzakirələr olacaq. Mişel Baçeleti BMT baş katibinin yardımcısı və BMT Qadının icraçı direktoru kimi çıxış edəcək. Bu ətrafda müzakirələr olacaq. Ukraynada demokratik institutların vəziyyəti müzakirə olunacaq. “Əhalinin köçürülməsi insan haqlarının pozuntusu kimi” mövzusu ətrafında müzakirələr olacaq. Avropada “demokratik təmayüllər, çağırışların imkanlara çevrilməsi” ətrafında müzakirələr olacaq”.
Nümayəndə heyətinin üzvü deyib ki, Avropa Şurasında müzakirə olunacaq mövzularla bağlı təbii ki, nümayəndə heyətinin ayrı-ayrı üzvləri hər zaman olduğu kimi çıxışlar edəcəklər, müzakirələrə qatılacaqlar, öz fikirlərini söyləyəcəklər: “Təbii ki, sessiya çərçivəsində Azərbaycan və Azərbaycan həqiqətlərinin çatdırılması hər zaman olduğu kimi bu dəfə də nümayəndə heyətinin əsas məsələlərindən biri olacaq”.
Aytən ƏLİYEVA