İnformasiya Cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsinə materialların qəbulunun vaxtı uzadıldı. Müsabiqə “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 layihəsi çərçivəsində informasiya cəmiyyətinin ən yaxşı jurnalisti nominasiya üzrə keçirilir.
“Multimedia” Mərkəzindən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Müsabiqəyə 01 yanvar 2011-ci ildən 01 fevral 2012-ci il tarixədək dərc edilən materiallar qəbul olunacaq. Materialların qəbulu 05 fevral 2012-ci il tarixədək həyata keçiriləcək. Qiymətləndirmə isə 05-10 fevral 2012-ci il aralığında gerçəkləşəcək. Nəticələrin elan olunması və mükafatlandırılma mərasimi isə fevral ayının ikinci ongünlüyünə planlaşdırılır.
Qaliblər (I, II və III yerlər) xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin iştirakı ilə gerçəkləşdirilir.
Modern.az