İki gün öncə “Azadlıq” radiosu Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü Elmira Axundovanın pensiyaların 800-1000 manata qədər artırılması barədə xəbər yaymışdı. Təklif cəmiyyətdə böyük əks-səda doğurub.
Bu gün isə Modern.az saytına məktub göndərən E.Axundova bildirib ki, onun “Azadlıq” radiosuna verdiyi müsahibə qısaldılıb və dəyişdirilib. Deputat qeyd edib ki, müsahibəsinin başlanğıcında hökumətin pensiya islahatlarını yüksək dəyərləndirib.
O, pensiyaların baza hissələrinin artırılması ilə yanaşı qeyd edib ki, ölkədə keçən il başlayan pensiya islahatlarının nəticəsində pensiyalar 40-60 faiz artırılıb: “Ötən il təqribən 400-500 min insana şamil edilən bu islahat bu ildə də davam etdirilərək eyni sayda pensiyaçılara şamil ediləcək. Bu baxımdan ölkə rəhbərinin həyata keçirdiyi sosial siyasəti yüksək dəyərləndirirəm”.
Bununla belə, E.Axundova müsahibəsində qeyd edib ki, o, çox istərdi bizdə də pensiyalar Avropa dövlətlərində olduğu kimi 800-1000 manat olsun: “Ümumiyyətlə inanmıram ki, kimsə bunu arzu etməsin. Amma hazırda bu, imkan xaricində olduğu üçün pensiya həcmi də bugünkü reallığa uyğun olmalıdır və Azərbaycanın iqtisadi imkanları artdıqca bu məsələ həll olunacaq”.
Modern.az