Modern.az

Manatın məzənnəsi necə sabit saxlanılır?

Manatın məzənnəsi necə sabit saxlanılır?

10 Yanvar 2012, 12:01

“Avropada gedən böhran bilavasitə avronun məzənnəsinə təsir göstərir. Vaxtaşırı bu, avro ilə dolların enib-qalxmasına gətirir”.

Bu fikirləri iqtisadçı millət vəkili Əli Məsimli Modern.az saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər hansı bank əməliyyatı, böhranla bağlı olan problem avro ilə dollar arasında nisbətə təsir göstərir.
“Müəyyən vaxt kəsiyində dolların məzənnəsi qalxır, avronun məzənnəsi enir. Müəyyən vaxtdan sonra bu prosesin əksi baş verir. Avropa Birliyi ilə Amerika biri-biri ilə  ticarət edən ölkələrdir. Dollar ucuzlaşan kimi ABŞ-ın malları Avropaya axmağa başlayır. Əlbəttdə ki, bu, digər ölkələrin milli valyutasına da təsir göstərir”.

Qeyd edək ki, Avropadakı məzənnə dəyişikliyi Azərbaycanda manatın kursuna təsir göstərmir. Bu, təqdirəlayiq haldır, ancaq manatın məzənnəsinin necə stabil qaldığı da maraq doğurur.

Deputat deyir ki, bu, bir tərərfdən neftin qiyməti ilə bağlıdır: “Bizim xarici ticarətimizin 90%-i neft və neft məhsulları ilə bağlıdır. Bu məhsulların qiymətində dəyişiklik olanda, bizim xarici ticarətdəki gəlirlər artanda milli valyutamıza təsir olur. Mərkəzi Bank imkanı daxilində çalışır ki, bu prosesdə milli valyutanın bahalaşmasının qarşısını alsın. Bu qismən olur, tamamilə mümkün olmur. Ümumi şəkildə o bahalaşmanın qarşısını almağı Mərkəzi Bank həyata keçirə bilməz. Müəyyən intervensiyalar olunur, həmin intervensiyalar vasitəsilə çalışırlar ki, manat həddən artıq bahalaşmasın. Manat həddən artıq bahalaşanda neftdən başqa digər məhsulların eksport imkanları məhdudlaşır. Neftdən kənar istehsal olunan malların rəqabət qabiliyyəti aşağı düşür. Eksportumuz bahalaşır, öz məhsulumuzu alan olmur. İmport ucuzlaşır və biz daha çox ucuz məhsulu kənardan alırıq, özümüzün məhsulunu isə rəqabət qabiliyyəti olmadığı üçün xaricə sata bilmirik. Təbii ki,Mərkəzi Bank çalışır ki, maksimum manatın məzənnəsi sabit qalsın. Dəyişmədə söhbət qəpikdən getsin. Çox dərin surətdə manat bahalaşmasın”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal