Modern.az saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu həftə Azərbaycanın şimal qərbində yerləşən və füsünkar təbiəti ilə insanları özünə cəlb edən Qax rayonu haqqında burada doğulan jurnalistlər danışıblar. Onlar rayonun sosial-iqtisadi vəziyyəti, əhalinin yaşayış tərzi, təhsil və səhiyyə sistemi barərə durumu qiymətləndiriblər.
İlk müsahibimiz müstəqil jurnalist Ülkər Abdullayevadır. Qaxda böyüyüb boya-başa çatdığını deyən xanım jurnalist rayonun sosial-iqtisadi vəziyyətini mənfi qiymətləndirir. O bildirib ki, rayon əhalisi çalışqanlığı, zəhmətsevərliyi ilə hər zaman seçilib.
“Sovet dövründə bir çox rayonların əhalisi özləri üçün işləyib kapitallarını artıranda, Qax rayonunun əhalisi gecə-gündüz kolxozda çalışırdı. Tütün, barama, fındıq, üzüm tədarükü ilə məşğul olurdu. Fermalarda işləyirdi, torpaqla əlləşirdi. Dağ kəndlərinin də əhalisi əsasən qoyunçuluqla, maldarlıqla məşğul olurdu. Gənclər ali təhsil dalınca şəhərə gəlirdi və kifayət qədər bilikli idi. Təkcə İlusu kəndindən 120-dən çox alim çıxıb”.
Ancaq müstəqillik dövründə Azərbaycanın hər yerində olduğu kimi, Qaxda da insanların güzəranının pisləşdiyini qeyd edən jurnalistin sözlərinə görə, sovet dövründə insanlar partiyanın diqtəsi ilə işləyirdilər. Onlardan konkret işləri görmək tələb olunurdu və onlar da bu işləri ləyaqətlə yerinə yetirirdilər.
“Yeni dövrdə isə insanlar dövlətdən asılı olmadan öz fərdi təsərrüfatlarını qurmağa çətinlik çəkdilər. Çünki bu yeni yanaşma tələb edirdi. Dövlət isə insanların maariflənməsinə cəhd göstərmədi və onlara öz təsərrüfatlarını qurmaq üçün ilkin yardımları etmədi. Adamlar kənd təsərrüfatının inkişafı üçün ayrılan kreditləri almağa cəhd edərkən, çətin bürokratik əngəllərlə, rüşvət və korrupsiya elementləri ilə üzləşdilər. Nəticədə bundan imtina etdilər. Onlar əl-qolu bağlı, yarı ac, yarı tox, sürünə-sürünə yaşamağa başladılar”.
Ülkər Abdullayeva Qaxda əhalinin əsasən kənd təsərrüfatı, fındıqçılıq, maldarlıqla məşğul olduğunu vurğulayıb. Ancaq o təəssüflə qeyd edir ki, yerli əhali bu sahədə topladıqları məhsulu da normal şərtlər altında bazara çıxarıb satmaq imkanlarından məhrumdur.
“Onlar bəzi monopolistlərin təzyiqi ilə tədarük etdikləri fındığı ucuz qiymətə satmağa məcburdular. Maldarlıqla məşğul olmaq üçünsə tələb olunan örüş və otlaq sahələri yerli icra orqanları və bələdiyyələr tərəfindən adamların əllərindən alınıb. Torpaqları əkib-becərmək üçünsə lazım olan texnika yoxdur. Yaxud da texniki xidmətlərə və yanacağa tələb olunan vəsaitlər o qədər bahadır ki, kəndlilər «xərci kirəsini ödəmir» deyə bu işdən də imtina etməyə məcbur olurlar”.
Həmkarımızın fikrincə, Qax rayonunun vəziyyəti respublikanın ümumi vəziyyətinə adekvatdır. Yəni orda da 3-5 ailə bütün resursları əlində cəmləşdirib və yaxşı yaşayır. Yerdə qalan əhali isə çətin şərtlər altında yaşayır.
“Gənclərin çoxu iş üçün ya Bakıya, ya da Rusiyaya üz tutur. Kənddə qalanlar isə şəhərdəki və xaricdəki qohumlarının yolladığı pulla birtəhər yaşamağı çalışırlar.
Rayonda turizmin inkişafı istiqamətində müəyyən işlər görülür. Bəzi dağ kəndlərinin əhalisi yay aylarında istirahətə gələn turistlərin hesabına cüzi də olsa vəsait əldə edə bilir. Amma bu sahədə sistemli iş aparılmır. Xidmət sektoru 1-2 ailənin əlində birləşib. Orda işləyənlər də əsasən həmin ailələrin yaxınları, qohumlarıdır”.
Ülkər Abdullayeva Qaxın qaz, işıq və su problemləri olub-olmadığı barədə də məlumat verib. Əhalinin əksəriyyətinin yanacaq kimi odundan istifadə etdiyini deyən müsahibimiz mavi yanacağın ancaq rayon mərkəzində və mərkəzə yaxın bir neçə kəndə verildiyini vurğulayıb.
“Kəndlərin əksəriyyətində sovet dövründən qalmış artezian quyularından istifadə olunur. Bu da evlərin hamısına paylanmır. Sadəcə hər kənddə 3-4 yerdə belə quyu var. Dağ kəndlərində isə su ehtiyacları dağ çaylarının və yerdən qaynayan təbii bulaqların hesabına ödənilir”.
Qaxda yollar isə demək olar ki bərbad vəziyyətdədir. Jurnalist bu yolların Sovet dövründə salındığını və artıq sıradan çıxdığını bildirib. Rayonun mərkəzi yollarında edilən kosmetik təmir kəndlərdə təsdiqini tapmır.
“Qaxın gözəl təbiət mənzərələri, turizmin inkişafı üçün münbit şəraiti olan bir sıra kəndləri var ki, onlara hətta sovet dövründə də asfalt çəkilməyib. İlisu, Ağçay, Zərnə, Ləkit, Süskən kimi kəndlərdə yollar bərbaddır. Sarıbaş kəndində isə yaşayış üçün tələb olunan heç bir infrastruktur yoxdur. Həyat şərtlərinin ağır olduğu bu dağ kəndində yalnız yaşlı nəslin nümayəndələri qalıb. Onlar da dünyadan köçəndən sonra çətin ki, o kəndə kimsə getsin. Çünki kənd dağların qoynundadır və oranın heç vaxt normal yolu olmayıb. Sovet dövründə cəhdlər edilib ki, yol çəkilsin. Amma sellər buna imkan verməyib. Əksər kəndlərdə son illərdə əhali artıb, yeni evlər tikilib, küçələr salınıb. Amma yeni küçələri asfaltlaşdırmaq heç kəsin ağlına gəlmir. Azyaşlı uşaqlar qışda yağışlı-qarlı havada palçıqlı yollarla məktəbə getməli olurlar”.
Problem bununla bitmir. Ülkər Abdullayeva Qaxın təhsil və səhiyyə sisteminin ölkədəki ümumi vəziyyətə uyğun olduğunu vurğulayıb. Hər yerdə olduğu kimi bu rayonda da təhsil və səhiyyə yüksək səviyyədə deyil.
“Müəllimlərin işi dərs davası eləmək, qeybət qırmaqdır. Məktəb rəhbərliyi də ki, Təhsil şöbəsinin iradəsinə uyğun olaraq, pul yığmaqla məşğuldur. Rayon mərkəzindəki 3-4 məktəbi və bəzi dağ kəndlərindəki məktəbləri çıxmaq şərtilə demək olar ki, qalan orta məktəblərdə təhsil prosesindən danışmaq cinayət olardı. Uşaqların əksəriyyəti kəndlərdə dərsdən yayınıb rayon mərkəzinə repetitor yanına gedirlər. Çünki kəndlərdə müəllimlərin bilik səviyyəsi çox aşağıdır və öyrətmə metodları da bəsitdir. Elə bil ki, orada bəzi müəllimləri dərsə yox, biyara göndərirlər.
Kəndlərdəki sovet dövründən qalmış xəstəxana və ambulatoriyalar var ki, onların da fəaliyyətini qənaətbəxş saymaq olmaz. Bildiyimə görə, bu yaxınlarda rayon Mərkəzi Xəstəxanasını təmir ediblər, müasir tibbi avadanlıq gətiriblər. Fəqət həmin avadanlıqlar daha çox eksponat rolunu oynayır, nəinki tibbi xidmətə şamil edilir”.
Qax icra başçısının insanlara görüşməsinə gəlincə jurnalist “bizdə adətən rayon icra başçıları kəndlərə bir dəfə, o da yeni təyin olunanda gedirlər. Onlar da camaat qarşısında çıxış edərək ölkədəki “ultra inkişafdan”, prezidentin və Yeni Azərbaycan Partiyasının analoqu olmayan uğurlarından danışırlar. Camaat öz problemlərini deyəndə isə, o saat Azərbaycanın gənc ölkə olduğunu, müharibə şəraitində yaşadığını, qaçqın-köçkün problemini yada salıb adamların ağzından vururlar. Görüşlərdə «şuluq salan» şəxslər sonralar müxtəlif metodlarla cəzalandırılır” deyə qeyd edib.
O hesab edir ki, Qaxda hansısa yeni inşa olunmuş obyektlərin açılış mərasimləri nadir hallarda olduğu üçün icra başçısının da xalq arasında görünməsi nadir hallarda baş verir.
“Əslində heç camaat da icra başçısı ilə görüşməkdə maraqlı deyil. İllərin təcrübəsi adamlara öyrədib ki, icra başçıları problemi həll etmirlər, ya vəd verirlər, ya etiraz edirlər, ya da yeni problemlər yaradırlar. Qaxda məşhur nəsillərdən birinin nümayəndəsi Mübariz Əhmədzadəni (Əhməd Əhmədzadənin qardaşı) icra başçısı təyin etmişdilər. Bəzi abadlıq işləri gördüyündən camaat ondan razılıq edirdi. Amma onu tezliklə başqa rayona göndərdilər. Onda da camaat dedi ki, qaxlıları Tanrı da, dövlət də lənətləyib. İşləməyən icra başçısını illərlə saxlayırlar, az-çox iş görəni də tezliklə başqa yerə aparırlar. Hazırkı icra başçısının “parlaq” fəaliyyəti barədə hələ ki müfəssəl bilgim yoxdur”.
Artıq 3-cü çağırışdır ki, (12-ci il), Azər Kərimli Qax rayonunun deputatıdır. Ü.Abdullayeva onun seçicilərlə yalnız seçki kampaniyası dövründə görüşdüyünü qeyd edib.
“Mən şahid olmuşam ki, o bizim kənddə seçicilərlə görüşə gələndə, sakinlərdən biri dedi ki, “olmazmı heç olmasa ildə bir dəfə görüşümüzə gəlib bizə qulaq asasız?”. Azər bəy də dedi ki, “mənim işlərim çoxdur, buna görə də sizə görüş söz verə bilmərəm. Nəsə lazım olanda köməkçimə müraciət edərsiz””.
Buna görə də xanım jurnalist hazırda Qaxda Azər Kərimli ilə bağlı müsbət fikirlər dilaşmadığını bildirib.
“Məsələn, Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı Azər Kərimlinin adını hallandırır. Deyirlər ki, Azər bəy bir ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Ümumiyyətlə, Qaxda sularda yod çatışmazlığı var. Bunu qoz ağaclarının çoxluğu ilə izah edirlər. Bu səbəbdən də zarafatla deyirlər ki, Azər Kərimli ona görə qoz ağaclarını qırdırır ki, camaat yod çatışmazlığından əziyyət çəkməsin. Eyni zamanda Azər bəy Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Qaxın İlisu kəndində sovet dövründə salınmış Füzuli bağı vardı. İndi bu bağın sadəcə skleti qalıb. Onun yanında isə Azər bəyin tikdirdiyi imarət ucalır. Azər bəyin sayəsində Azərbaycanın digər regionlarından, xüsusilə də Qərbi Azərbaycandan olan imkanlı şəxslərin Qax rayonunun mənzərəli guşələrində torpaqları «istila etməsi» prosesi baş verib. Əgər Qaxa getsəz, görəcəksiz ki, yerli sakinlərin çay daşlarından tikilmiş köhnə kürsülü evlərinin yan-yörəsində varlıların çoxmərtəbəli imarətləri bərq vurur. Adamlarda belə təəssürat var ki, Qaxın hər yerində Azər bəyin ruhu hiss olunur: o, icra başçısını, rayonun məsul işçilərini vəzifəyə təyin elətdirir və vəzifədən çıxartdırır. Yaxud da, hamı düşünür ki, Azər bəy Qaxın ömürlük deputatı təyin edilib. Biznes fəaliyyətinin kənarında Qaxa doğmalığı ilə tanınmayan Azər bəy 12 illik deputatlıq müddətində bir dəfə də parlamentdə çıxış etməməsi, seçicilərlə cəmi 3 dəfə təmasda olması ilə hər kəsi özünə heyran buraxır. Leksikonumda onunla bağlı fikirlərimi ifadə edəcək qədər tərifli və uğurlu sözlər olmadığından, gərək oxucular bəndənizi bağışlasın” deyə sonda Ülkər Abdullayeva əlavə edib.
“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Kamal Əli hesab edir, Şimal-qərb bölgəsində olan rayonlar içərisində ən kasıb əhali Qax rayonunda yaşayır.
“Şəkililər tarixən alveri yaxşı bacarırdılar, həm də o aran rayonuna yaxın olduğu üçün orada alacaq çoxdur. Zaqatalada da sovet vaxtından güclü şəhər olub. Balakən isə sərhədyanı bölgə olduğu üçün orada hər zaman inkişaf olub. Amma Qax hər zaman bir az aralıda yeləşdiyinə görə inkişafdan geri qalıb.
Oranın camaatı tənbəl olmasa da, özünü “quru bəy” adlandırır. Qax daha çox ziyalı rayonu kimi tanınıb. Ancaq əhalinin müəyyən qisminin işləməsi üçün şərait var. Məsələn, rayonda mineral sular çox olduğu üçün bir neçə özəl müəssisə fəaliyyət göstərir, burada müəyyən qisim əhali çalışır. Bundan əlavə rayona gələn turistlərə evlərini kirayə verənlər heç olmazsa yayın iki ayı qazanc götürürlər. Ancaq bu qazanc da qışda oduna sərf olunur.
Ziyalılar, yəni müəllimlər, uşaq bağçalarında işləyənlər, həkimlər maaş, qocalar isə pensiya alırlar. Cavanların isə bəlkə yarıya qədər Rusiyada və yaxud Bakıya gəlib fəhləlik edirlər. Ayrı orada heç bir qazanc yoxdur.
Dağ kəndlərində hər zaman olduğu kimi, maldarlıqla məşğul olurlar, amma özəl təsərrüfatlarda ildən-ilə malın sayı azalır. Əhalinin dediyinə görə şəhərə satdığı ətin qiyməti ilə heyvanın böyüməsinə sərf etdiyi zəhmət, pul bir-birinə uyğun gəlmir. Qazancları olmur, bəzən ziyana işləyirlər”.
Kamal Əli deyir ki, dağ kəndlərində bu günə kimi hələ də qaz xətləri çəkilməyib. Jurnalistin sözlərinə görə, İlsusu, Sarıbaş və digər kəndlərin bu günə kimi qazlaşdırılmaması səbəbindən əhalinin qazancının xeyli hissəsi oduna gedir.
“Odun da ildən ilə bahalaşır. Qaxda meşələrin hamısı qoruq olduğu üçün qeyri-qanuni odun yardığına görə əhali daha çox pul xərcləməli olur. Amma əlacları yoxdur, çünki qışda qızınmağın yeganə üsulu odundur”.
Kamal Əli Qaxda rüşvətin kifayət qədər yüksək olduğunu və birmənalı olaraq rayonun İcra Hakimiyyəti tərəfindən idarə edildiyini qeyd edib. O hesab edir ki, Qaxda polis, sosial xidmətlər, ümumiyyətlə bütün dövlət idarələri hamısı hər yerdə olduğu kimi, hər şeyi rüşvətlə edirlər. Ona görə də əhalinin qazancının bir hissəsi də dövlət məmurlarına pul paylmaqdan ibarətdir.
Qaxın mərkəzində işıq və su probleminin olmadığını deyən zibillərin yığışdırılmamasının hələ də həll edilmədiyini vurğulayıb.
“Qax rayonunda İcra Hakimiyyətinin təyin etdiyi yük maşınları yollara qoyulmuş zibilləri götürüb harasa tullayırlar. Amma kəndlərdə elə bir şey yoxdur. Əhali məişət zibillərini ya dağ dibinə ya da çay dibinə tullayırlar. Xüsusilə də turistlərin gəldiyi dövrdə zibillər beş qat artır. Ümumiyyətlə Azərbaycan bölgələrində zibilin mərkəzi qaydada danşınması hələki təşkil edilməyib”.
Qaxa gələn magistral yolların yaxşı olmasından danışan Kamal Əli kənd yollarında bunun müşahidə edilmədiyini deyir.
Təhsil isə ölkədə müşayiət olunan vəziyyətdən elə də fərqlənmir. Onun sözlərinə görə, Qax məktəblərində də müəllim çatışmazlığı var. Rus dili, ingili dilini tədris edən müəllimlər yoxdur, hətta bir müəllim öz sahəsi olmayan daha 3-4 fəndən dərs deyir.
“Qax rayonunda hər zaman təhsil yüksək olub. İlusu Qax rayonun ən böyük kəndlərindən biridir və hələ sovet vaxtında ziyalılar, alimlər kəndi kimi tanınırdı. İlusu kənd məktəbinin 100 ildən artıq tarixi var. Onun 100 illiyinə hələ keçmiş prezident Heydər Əliyev sağlığında təbrik telqramı göndərmişdi. Ancaq bu uğurlar sovet dönəmindən sonra demək olar ki, yoxdur. Çünki hər yerdə olduğu kimi, təhsil sisteminin səviyyəsi ildən-ilə aşağı düşür. Ən pisi odur ki, artıq cavanların oxumağa həvəsi yoxdur. Mingəçevrdə istehsal edilən və orta məktəblərdə quraşdırılan keyfiyyətsiz kompüterlər işləmir. Uşaqlar ali məktəbə daxil olmaq üçün kurslara, repetitor yanına getməyə məcbur olurlar”.
Həmkarımız rayonda əhaliyə göstərilən tibbi xidmətlərdən də əsasən narazı olduqlarını vurğulayıb.
“Rayon mərkəzində bir xəstəxanan var ki, orada da yalnız sadə əməliyyatları edirlər. Onların yerli əhali üçün ən böyük köməyi müalicə olunmaq üçün Bakıya göndərmələridir. Zaqatalada bölgə diaqnostika mərkəzi açılandan sonra xəstələrin işi bir az asanlaşıb. Çünki burada müasir avadanlıq var, ona görə də uzağa- Bakıya getmirlər. Amma yenə də əsas mülaciə yerləri Bakıdır. Müəllimlər və həkimlərin maaşı sıfıra yaxın olduğu üçün məcburdurlar ki, valideynlərdən və şagirdlərdən sədəqə yığsınlar. Ayrı yolları da yoxdur. Bu da təbii ki səhiyyənin və təhsilin keyfiyyətinə bilavasitə təsir edir”.
Qax icra başçısının 2-3 ildən bir dəyişildiyini deyən müsahibimiz insanların hələ indiyədək onların hər hansı birindən 100 faiz razı qalmadıqlarını vurğulayıb.
“Gələn icra başçıları öz hayındadırlar, öz problemlərini həll edirlər və gələcək vəzifə üçün özlərini hazırlayırlar. Respublikada icra başçılarının bir yerdə qalması çox nadir haldır, ona görə heç bir icra başçısı işlədiyi rayona nə canını qoyur, nə də həvəslə işləyir. Bilir ki, burada müvəqqətidir. Yəni icra aparatı ilə yerli əhali arasında heç vaxt ünsiyyət olmayıb”.
Kamal Əlinin sözlərinə görə, rayondan seçilən deputat artıq üçüncü seçkidir ki, Milli Məclisdə Qax rayonu təmsil edir. Yəni artıq üçüncü dəfədir ki, yerli şəxs parlamentə seçilmir.
“Yerli əhali Azər Kərimlinin qanunsuz olaraq, saxtakarlıq yolu ilə Milli Məclisə deputat seçildiyini deyir. Verdiyi vədlər də indiyə qədər yerinə yetmir. Seçki qurtarandan sonra həmin insan ora ümumiyyətlə gəlmir. Nəticədə Milli Məclislə yerli əhali arasında əlaqə yoxdur”.
“Xəzər” telekanalının aparacısı Billurə Əmirova Qax rayonun mühüm aqrar-sənaye rayonlarından biri olduğunu bildirib. Qeyd edib ki, rayon insanlarının əsas məşğuliyyəti fındıq, şabalıd, qoz bağlarında çalışmaq, maldarlıq, əkinçilikdən ibarətdir. Onun sözlərinə görə, su ehtiyatı ilə zəngin olan Qaxda normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir.
“Rayon iqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Xüsusilə Qax tütün və taxılçılıq üzrə ixtisaslaşıb. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qaxda meyvə-tərəvəz konservi zavodları fəaliyyət göstərir ki, bu da insanların müəyyən hissəsinin orada işləməsi üçün şərait yaradır.
Bundan əlavə, yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir”.
Qax camaatının hər zaman elmə-təhsilə maraqlı olduğunu deyən Billurə Əmirova qeyd edib ki, orta məktəblərdə təhsilin səviyyəsi istər sovet dövründə, istərsə də müstəqillik dönəmində qənaətbəxş olub. O bunu ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrindən və müxtəlif bilik olimpiadalarından da görməyin mümkün olduğunu vurğulayıb.
“Son illər Qaxda yeni məktəb binaları tikilib istifadəyə verilib. Hal-hazırda da bir-neçə kənd məktəbləri yenidən tikilir. Şəxsən mənim təhsil aldığım rayonun ən qabaqcıl məktəblərindən olan Zəyəm kənd məktəbi yenidən tikilir”.
Rayona yalnız tətil vaxtlarında getdiyini deyən xanım jurnalist rayon icra başçısı və ya deputatın insanlarla görüşüb-görüşmədiyi barədə məlumatsız olduğunu bildirib.
Aytən ƏLİYEVA