Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və digər qurumların nümayəndələri iştirak edib.
Nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərlik etdiyi müşavirədə nəqliyyatın mövcud problemləri-paytaxtdakı tıxaclar, onların yaranma səbəbləri, yol-hərəkət qaydalarının pozulması halları və onların qarşısının alınması yolları müzakirə edilib.
Nəqliyyat Nazirlirliyinin məlumatına görə, əvvəlcə M.Pənahov çıxış edərək son zamanlar nəqliyyat-yol kompleksində həyata keçirilmiş iri layihələr, əldə edilmiş nailiyyətlər barədə danışıb. M.Pənahov nəqliyyatda yaranmış problemlər və onların həlli yolları məsələsinə də toxunub. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da eyni mövzuda çıxış edərək fikirlərini bildirib.
Sonra nəqliyyatdakı problemlərin həlli ilə əlaqədar yaranmış İşçi Qrupun təklifləri nəzərdən keçirilib, baxılması üçün müvafiq orqanlara göndərilib. Müzakirələr zamanı Nəqliyyat və Daxili İşlər Nazirliklərinin birgə fəaliyyət göstərməsi ilə yanaşı həm də bu tipli görüşlərin mütəmadi keçirilməsi də qərara alınıb.
Modern.az