Elmira Axundova: “Altı ayda mənə ünvanlanan müraciətlərin əksəriyyəti sosial məsələrlə bağlıdır”
Azərbaycan parlamentinin deputatları seçildikləri dairələrdə yaşayan on minlərlə seçicini təmsil edirlər. Onlar Milli Məclisdə qanun layihələrinin hazırlanması, plenar iclaslarda müzakirəsi və qəbulu ilə yanaşı, həm də seçicilərin problemlərinin həlli ilə məşğul olurlar. Deputatların seçiciləri ilə əlaqələrinin müntəzəm olması, problemlərinin dinlənilməsi üçün köməkçiləri fəaliyyət göstərir. Bununla yanaşı, təbii ki, seçicilər öz deputatlarına müxtəlif məsələlərlə bağlı məktubla da müraciət edirlər. Modern.az saytı ayrı-ayrı dairələrdən mandat alan deputatlara ünvanlanan məktubların məzmunu, seçiciləri narahat edən məsələlərin həlli üçün hansı işləri gördüklərini araşdırmağa başlayıb.
71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilən Sosial siyasət komitəsinin üzvü Elmira Axundovanın saytımıza verdiyi məlumata görə, 2011-ci ilin ikinci yarısında ona ünvanlanan rəsmi ərizələrin sayı 158-dir:
“Bunlardan 85-i sosial, 14-ü iqtisadi, 59-u isə digər sahələrlə bağlı məsələlərdir. Sosial məsələlər əsasən ünvanlı sosial yardım, əmək pensiyalarının hesablanması, əlillik dərəcəsi və pensiyası, həmçinin məktəbdə işlə təmin olunmaq, dərs saatının az olmasını əhatə edir. Ümumilikdə 34 ərizə müəyyən səbəblərdən göndərilən müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsassız sayılaraq icrasından imtina edilıb”.
Elmira xanım deyib ki, deputat kimi seçicilərinin qəbulu üçün 8 tədbir keçirilıb: “Bundan əlavə, 5 böyük görüş təşkil olunub və hər birində 100-300 nəfər iştirak edib. Həmin görüşlərdə vətəndaşların şəxsi və ictimai problemləri dinlənilib, qeydlər aparılıb, yerində həll oluna bilən məsələlər həll edilib, ictimai məsələlərlə bağlı isə müvafiq icra hakimiyyəti orqanlarına müraciət göndərilib”.
Qeyd edək ki, bu müddət ərzində deputatın köməkçisi tərəfindən də 122 vətəndaş qəbul edilib.
Modern.az