2012-2013 tədris ilində magistr imtahanlarında yenilik olacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. Modern.az saytı xəbər verir ki, konfransda çıxış edən Namiq Babayev bildirib ki, magistratura imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələ ilə bağlı heç bir dəyişiklik olmayıb, ikinci mərhələdə isə bakalavr imtahanında olduğu kimi, ixtisaslar qabaqcadan seçiləcək.
N.Babayev 2012-ci tədris ilində magistr imtahanında yeni ixtisasların olacağını bildirib. Bu ixtisasların hansılar olacağı hələlik dəqiq deyil. Bununla bağlı danışıqlar aparılır. Yanvar ayının sonunda məlum olacaq ki, hansı yeni ixtisaslar üzrə qəbul aparılacaq. Hazırda universitetlər Nazirlər Kabinetinə öz təkliflərini verirlər.
Yeni ixtisaslardan biri balıqçılıq sahəsilə bağlıdı, hazırda bu ixtisas üzrə bakalavr pilləsində oxuyan tələbələr 2013-cu ildə universiteti bitirəcəklər. Vaxtı nəzərə alaraq, bu istiqamətə uyğun olan bakalavırlar magistraturanın ixtisas seçimində iştrak edə biləcəklər.
N. Babayev onu da bildirib ki, bu ilki magistr imtahanında elektron imzadan da istifadə olunacaq. Bundan əlavə, magistr imtahanları paytaxtla yanaşı, regionlarda da keçiriləcək.
N.Babayev magistratura imtahanına sənəd qəbulunun fevralın əvəlində başlanacağını, fevralın axırında isə imtahan olacağını deyib.
Sədaqət Suleymanova