Modern.az

Bozqurdlar Bakıda “gey-parad”ın planlaşdırılmasından hiddətləniblər

Bozqurdlar Bakıda “gey-parad”ın planlaşdırılmasından hiddətləniblər

13 Yanvar 2012, 18:18

Mərkəzi ABŞ-da yerləşən Beynəlxalq LGBT təşkilatı (LGBT-Lezbiyan, Gey, Biseksual, Transvestit) Bakıda “Eurovision-2012" müsabiqəsi zamanı (bu il mayın 22-26-da) ”ənənəvi gey-paradlarını" keçirəcəyi barədə bəyanat verib. Bu məsələ gündən-günə milli toplumumuzda ciddi müzakirə obyektinə çevrilməkdədir.

Mövzuya münasibətlə bağlı Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDEP) məlumat yayıb. Partiya sədrinin müavini və partiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Elay bu məsələyə qurumun münasibətini açıqlayıb:

“Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası Bakıda gey-paradın keçirilməsini milli mentalitetimizə sığışmayan, milli və dini dəyərlərimizi təhqir edən aksiya kimi qiymətləndirir. Digər tərəfdən, belə bir aksiya cəmiyyətdə müxtəlif formatlı qarşıdurmalara, iqtidarın, dövlət rəsmilərinin və bütünlükdə dövlətimizin öz xalqı qarşısında nüfuzunun aşağılanmasına səbəb ola bilər. Bu isə, yadsoylu düşmənlərimizin əlinə oynayacaq. Partiya bu çeşiddən olan aksiyaların əleyhinədir, onları milli düşmənlərimizin məkrli və yolverilməz təxribatı kimi dəyərləndirir”.

“Azərbaycanda bəzi Qərbə inteqrasiya tərəfdarları, liberal və tolerant yönlü vətəndaşların bu aksiyaya dözümlü olmaq çağırışlarına münasibətiniz necədir” – sualına AMDEP səlahiyyətlisi belə cavab verib:

“Millətçi partiya olaraq biz nə Qərbə, nə Rusiyaya, nə İrana və nə də digər dövlət və ya bloka inteqrasiya tərəfdarıyıq. Azərbaycan kişiləri Vətən torpaqlarımızın işğalı və milli namusumuzun tapdanmasına görə hələ də ermənilərdən qisas almadıqları üçün ana-bacılarımızın qarşısında xəcalət yükünü daşıyırlar. Millətimizin belə bir ağır psixoloji durumunda  ana-bacılarımızın gözləri önündə Qərbdən gəlmiş hansısa bir “sosial marginalların” əxlaqsızlıq nümayişi qəbul edilməzdir. Dediyiniz vətəndaşlar isə, Qərbyönlü, liberal və milli təhqirə tolerant ehtiyaclarını ödəmək üçün Qərb dünyasının istənilən ölkəsinə gedib gey-paradları orada təqdir və müşahidə edə bilərlər. Qeyd etdiyiniz liberallar və Qərbyönlülər istəklərinə uyğun, hətta yad ölkələrdə həmin gey-paradda geylərlə birgə iştirakçı da ola bilərlər. Bu onların fərdi seçimi və hüququdur”.

“Əgər Bakıda gey-parada icazə verilsə, partiyanın buna münasibəti necə olacaq” – sualını AMDEP rəsmisi belə cavablandırıb: “Ümid edirik ki, dövlətimiz və millətimiz üçün belə təhlükəli qərar qəbul edilməyəcək. Amma partiyada birləşmiş bozqurdçular qanunla icazə verilmiş bütün vasitələrdən istifadə edəcəklər ki, millətimizin və dinimizin təhqir edilməsinin, yəni gey-paradın keçirilməsinin qarşısını alsınlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu