Modern.az

Məhkəmə AXCP üzvlərini xəbərdarlıq etməklə buraxıb

Məhkəmə AXCP üzvlərini xəbərdarlıq etməklə buraxıb

16 Yanvar 2012, 13:39

Yanvarın 15-də Sumqayıtda hakim İlyas Mahmudovun sədrliyi ilə partiya toplantısı keçirmək istəyərkən polis basqınına və zorakılığa məruz qalan AXCP fəallarının məhkməsi sona çatıb. Məhkəmə qarşısına AXCP sədrinin müavini Asəf Quliyev, partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Elçin Həsənov, Ağaşirin Tanrıverdioğlu və yerli QHT təmsilçisi Elçin Məmmədli çıxarılıb.
AXCP mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, prosesə şahid qismində 2 polis, 1 mülki şəxs dəvət olunub. Lakin şahid polislərdən biri əvvəlcədən məhkəmə zalında olduğu üçün prosesdən kənarlaşdırılıb.

Şahidlər iddia ediblər ki, AXCP üzvləri maşın yolunu bağlayıblar və hərəkətə mane olublar. Lakin şahidlər hakimin və Asəf Quliyevin sualları qarşısında özlərini itiriblər və dolaşıq ifadələr veriblər. Prosesi izləmək üçün ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Bricet Bushet və Britaniya səfirliyinin nümayəndəsi də məhkəməyə gəlib. Məhkəmə polis zorakılığna məruz qalan AXCP fəallarına və QHT təmsilçisinə xəbərdarlıq edərək onları sərbəst buraxıb.

Qeyd edək ki, dünən Sumqayıt şəhərində AXCP üzvləri polis hücumuna məruz qalıb. Partiya sədrinin müavini Asəf Quliyev və daha bir neçə partiya fəalı amansızlıqla döyülüb. Asəf Quliyevin başı yarılıb. Polis 5 nəfər AXCP fəalını həbs edib.Hadisə AXCP Sumqayıt və Qubadlı şöbələrinin birgə müşavirəsi keçirilərkən baş verib. Müşavirə Ümid Partiyasının Sumqayıt şəhərindəki qərargahında 20 Yanvar anım mərasiminə hazırlıq məqsədilə keçirilirmiş.
Qərargaha basqın edən polislər AXCP üzvlərini zorla oradan çıxarıb, onları döyüb. Polisin “əməliyyatına” Sumqayıt Polis İdarəsinin rəis müavini Azər Cahangirov başçılıq edib.

Polislər AXCP üzvlərinə qarşı zorakılıqla kifayətlənməyərək onlardan 5 nəfəri həbs edib. Saxlanılanlar 4-cü polis bölməsinə aparılıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal