Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Suriyada böyük insan itkiləri ilə davam etməkdə olan qanlı hadisələrdən ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini genosid həddinə çatdırılan bu antibəşəri aksiyalara son qoymaq üçün bütün qüvvələrini səfərbər etməyə və təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
İdarə heyəti üzvləri Qırğızıstan prezidentinin Türkiyə səfəri və bu səfər zamanı onun türk dünyasının birliyinə çağrışlarını günün tələbi kimi təqdir edib və türk dövlətlərinin vahid birliyinin yaranması, dövlətləri olmayan türk xalqlarının isə həmin birlikdə müşahidəçi statusla iştirakı ideyasını dəstəkləməklə bütün türkdilli dövlət başçılarını bu ideyanın gerçəkləşməsi istiqamətində praktik addımlar atmağa çağırıb.
İdarə Heyəti üzvləri AŞPA-nın növbəti qış sessiyasında Azərbaycanda siyasi məhbus məsələsinin yenidən gündəmə gəlməsini müsbət qarşılayıb və ölkəmizin, qarşısında öhdəliklər götürdüyü beynəlxalq təşkilatlara - AŞPA, Aİ, NATO, GUAM, İTK və BMT –yə siyasi məhbus probleminin həllinə yaxından kömək etmək və bu sahədə effektli tədbirlər görmək üçün çağırışlar edib.
İdarə Heyəti üzvlər son vaxtlar Nəqliyyat Nazirliyinin ardıcıl olaraq taksi xidmətini həyata keçirən vətəndaşların fəaliyyət azadlığının pozulmasına, onların minimum yaşam şəraitinin əlindən alınmasına yönəlik atdığı addımları qətiyyətlə pisləyib və onsuz da ağır sosial şərtlər daxilində yaşayan bu zümrəyə gəlirlərə uyğun gəlməyən lisenziya və vergilər tətbiq edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və ölkə prezidentini sosial çaxnaşmalara və vətəndaş qarşıdurmasına gətirə biləcək bu neqativlərin qarşısını aılmağa çağırıb.
İdarə Heyəti son zamanlar Bakı şəhərində vətəndaşlara məxsus xüsusi əmlakın sahibləri ilə razılaşdırılmadan sökülməsi faktlarının geniş miqyas almasından narahat olduğunu bildirib və vətəndaşların Konstitusiya ilə nəzərdə tutulan mülkiyyət hüququnun hakimiyyət orqanları tərəfindən total şəkildə pozulması ilə əlaqədar Respublika Prezidentinə, Milli Məclisə və Konstitusiya Məhkəməsinə müvafiq müraciətlərin göndərilməsi qərara alınıb.
Modern.az