Modern.az

Səlim Müslümov 2012-ci ilin pensiya prioritetindən danışıb

Səlim Müslümov 2012-ci ilin pensiya prioritetindən danışıb

17 Yanvar 2012, 10:05

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edib.
S.Müslümov bildirib ki,  aparılan islahat nəticəsində 898 min 952 nəfərin pensiyası 2011-ci il iyulun 1-dən orta hesabla 40 faiz artırılıb, həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənilibr. Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilmiş, yəni hər bir şəxsin əmək stajına uyğun olaraq pensiyasının sığorta hissəsi formalaşdırılıb.

İslahat nəticəsində keçən il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artıb.

“Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaqdır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir”-deyə Fond sədri qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib.

“Digər tərəfdən, aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin ÜDM-ə nisbəti də artmışdır və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır”.

DSMF sədri qeyd edib ki, 2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər təşkil edib. Yaşa görə əmək pensiyaçılarının sayı 18300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalmış, əlilliyə görə isə 7300 nəfər artıb.

S.Müslümov deyib ki, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq.
“Bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı idi. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiya olunmasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan vermişdir. Bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması prosesi də artıq başa çatdırılmaqdadır”.

S.Müslümovun sözlərinə görə, Azərbaycanda pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qabaqlayıcı qərarlar nəticəsində pensiyaçıların ümumi sayı 2020-ci ilədək sabit qalacaq ki, bu da sistemin maliyyə dayanıqlığının və islahatların davam etdirilməsi üçün əlverişli şəraitin təmin olunmasının başlıca şərtlərindəndir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal