Modern.az

Dillər Universitetində 209 tələbə imtahandan kəsilib

Dillər Universitetində 209 tələbə imtahandan kəsilib

17 Yanvar 2012, 12:30

Ali məktəblərdə qış imtahan sessiyası davam edir. Yanvarın 17-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyasının gedişini izləyib. İzləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri Lyudmila Muradova, İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətinin rəhbəri Zeynab Kazımova, Xüsusi şöbənin rəisi Elçin Tağıyev və Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov iştirak edib.

 2 saylı İngilis dili fakültəsinin III kursunda  “İngilis dilinin leksikologiyası”,  “İngilis dilinin metodikası”, Alman dili fakültəsində  isə “İngilis dili II” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, qış imtahan sessiyasında operativliyi və şəffaflığı təmin etmək və yaranacaq mövcud  halların aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.  O, Təhsil Nazirliyinin imtahanların gedişi ilə bağlı sorğu keçirdiyini tələbələrin diqqətinə çatdırıb. Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini, eləcə də neqativ halların baş vermədiyini nazirlik rəsmisinin nəzərinə çatdırıblar.  Sonra sorğu anketi tələbələrə paylanıb.

Qeyd edək ki, sorgu anketində 11 sual yer alıb.  Anketdə  qış imtahan sessiyasında neqativ hallar və bu neqativ halların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi ilə bağlı məsələlər  öz  əksini tapıb.

Eyni zamanda, Operativ Qərargah üzvlərinin iştirakı ilə fakültələrdə   təklif və şikayətləri qəbul etmək üçün qoyulan  qutulara baxış keçirilib.

Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları və [email protected]  ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qış imtahan sessiyası yanvarın 5-də başlayıb və fevralın 6-dək davam edəcək.  İndiyədək  fakültələr üzrə ümumilikdə ADU-da 72 imtahan keçirilib və bu imtahanlardan 209 tələbənin biliyi qeyri-kafi qiymətləndirilib. Geridə qalan dövr ərzində  25 tələbə imtahan zamanı biliyinin düzgün qiymətləndirilməməsini iddia edərək apellyasiya üçün müraciət edib. Apellyasiya şikayətlərinə baxılıb və müvafiq qaydada şikayətlər araşdırılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal