Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib. Tədbir ötən həftə 12 QHT tərəfindən təsis edilmiş “Təhlükəsiz Yol” Alyansının təşkilatçılığı ilə baş tutub.
“Təhlükəsiz Yol” Alyansının həmtəsisçisi, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidenti Şahin Camalov ölkəmizdə ötən ildə dəhşətli həddə çatan yol qəzaları və çoxsaylı insanların bu qəzaların qurbanına çevrilməsinin vətəndaş cəmiyyətini narahat edən problemlərdən olmasını qeyd edib. O, bildirib ki, “Təhlükəsiz Yol” Alyansının yaradılmasında məqsəd yol qəzalarının artmasına gətirib çıxaran səbəblərin araşdırılması və bu səbəblərin aradan qaldırılması istiqamətində ictimai sektor səlahiyyətləri çərçivəsində birgə fəaliyyətlərin həyata keçirilməsidir.
Modern.az saytı xəbər verir ki, yol təhlükəsizliyi ilə bağlı mövcud qanunvericilik bazası, qanunvericilikdə təsbit edilməsinin zəruri hesab oldunduğu müddəalar barədə digər həmtəsisçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev danışıb.
Tədbir iştirakçıları Bakı şəhərindəki yol infranstrukturundakı problemlər, Dövlət Yol Polisinin son zaman müzakirə obyektinə çevrilən korrupsiya halları, kütləvi informasiya vasitələrinin piyada və sürücülərin yol hərəkəti təhlükəsizliyi sahəsində məlumatlandırmasında rolu, şəhərdə avtodayanacaq problemi və sair kimi mühüm məsələlərə də toxunublar.
Tədbirin sonunda yol qəzalarına səbəb olmuş infranstruktur problemlərinin, Dövlət Yol Polisinin işindən narazılıqların və sair bu kimi müraciətlərin ünvanlana biləcəyi “DİQQƏT Yol Polisi” başlığı altında layihənin və adıçəkilən layihənin əsas istiqaməti olan “Qaynar xətt”in fəaliyyətə başladığı elan edilib. Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinə, Nəqliyyat Nazirliyinə yol təhlükəsizliyi sahəsindəki problemlərin araşdırılması və həlli istiqamətində əməkdaşlıq edilməsi üçün işçi qrupunun yaradılması ilə bağlı müraciət qəbul edilib.
Modern.az