Xəbər verildiyi kimi, 26 yanvarda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçiriləcək AŞPA-nın İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitəsinin iclasınının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub. Komitənin iclasında məruzəçi qismində iştirak edəcək "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev AŞPA-nın sessiyası çərçivəsində yanvarın 27-də Nazirlər Komitəsinin 10 səfiri ilə görüşəcək. Görüş təşəbbüsü ilə səfirlərin özləri çıxış ediblər. Görüşdə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” şirkətinin eks-prezidenti Rafiq Əliyevin həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən çıxarılan və bu günə qədər icra edilməyən qərarların vəziyyəti müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycan Hökuməti üzərinə götürdüyü öhdəliklərə rəğmən Əliyev qardaşları ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməkdən imtina edir.
“İstisna deyil ki, Avropa Şurası Nazirlər Komitəsinin yazda keçiriləcək iclasında bu məsələ gündəliyə çıxarılsın”-deyə "İnsan Haqları Uğrunda" İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Departamentindən Modern.az-a bildirilib.
Modern.az