Bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə “Save the children” Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyi “İnternatları tərk edən uşaq və gənclərin məşğulluğu” mövzusunda ictimai müzakirə keçirib.
Modern.az xəbər verir ki, tədbirdə millət vəkilləri, dövlət qurumlarının, eyni zamanda Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, öncə “Save the children” proqramın Azərbaycan üzrə rəhbəri Bahar Arabova bildirib ki, iki ildir ki, davam edən layihə Bakıdan başqa Gəncə, Quba və Şəkidə də gerçəkləşdirilir.
“Bu artıq üçüncü müzakirədir. Belə ictimai müzakirə Milli Məclisdə də olub”.
Bahar Arabova Milli Məclisin deputatı Məlahət İbrahimqızının onların bu məsələ ilə bağlı böyük dəstək verdiyini də qeyd edib.
Daha sonra “İnternatları tərk edən uşaqların və gənclərin məşğulluğu” mövzusunda Milli Məclisin hüquqşunası Məhəmməd Bazıqov məlumat verib. O bildirib ki, hazırda ölkədə 45 internat və uşaq evi var ki, bunun ikisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, üçü Səhiyyə Nazirliyinin, 40-ı isə Təhsil Nazirliyinin nəzdindədir.
Hüquqşunas araşdırmaların il ərzində təxminən 100 nəfərin internatları tərk etdiyinin müəyyən olunduğunu qeyd edib. O hesab edir ki, bu rəqəm bütövlükdə reallığı əks etdirmir.
“İnternatlara və uşaq evlərinə qoyulan uşaqlar əsasən valideyn himayəsindən məhrum olan uşaqlardır. Amma bir məsələ də var ki, belə uşaqların çoxu internatlara və uşaq evlərinə verilmir, qəyyumluq əsasında, yaxud da yaxınları tərəfindən saxlanılır”.
Məhəmməd Bazıqovun sözlərinə görə ayrı-ayrı dövlət qurumları işə götürən zaman müəyyən kateqoriyalı təbəqədən olan insanlara kvota ayırırlar. Anca kvota məsələsində uşaq evini tərk edən insanlar nəzərdə tutulmur.
“Hesab edirəm ki, bu məsələ ilə bağlı qanunvericilikdə boşluqlar var. Bu boşluqları doldurmaq lazımdır ki, icra orqanları da bu qanunvericiliyə uyğun fəaliyyət göstərsinlər”.
Hüquqşunas onu da vurğulayıb ki, valideyn himayəsindən məhrum olanlar uşaq evlərində ikən müəyyən dövlət təminatı ilə təhciz olunurlar.
“Ancaq onlar internatdan ayrılanda bu təminatdan məhrum olurlar. Situasiya elədir ki, mövcud durumda valideyn himayəsindən məhrum olanlar uşaq evlərini və internatı tərk edən zaman onların konkret olaraq ali təhsil müəssisələrinə daxil olmaları az az hallarda baş verir”.
M.Bozuqov təklif edib ki, ümumiyyətlə işsizlik məsələsi ilə bağlı elə sənəd hazırlanmalıdır ki, yaşı 18-dən yuxarı çatanlar uşaq evlərini tərk edirlərsə və iş tapmırlarsa avtomatik olaraq onlara işsiz statusu verilsin və dövlətin müavinəti ilə təmin olunsunlar.
Sonra qeyri-formal işçilərə aid konvensiyalarla bağlı Məlahət İbrahımqızı məlumat verib. O, xüsusilə Azərbaycanda ev qulluqçuları ilə bağlı məsələyə toxunub və bildirib ki, bu məsələnin araşdırılmnası üçün BMT müxtəlif qurumları tərəfindən ona müraciət olunub. Deputat qeyd edib ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var.
“Qanunvericlik təkmilləşdirildikdən sonra hökümət bu istiqamətdə müəyyən addımlar ata bilər”.
Onun sözlərinə görə BMT-nin dünyanın 30 ölkəsində apardığı araşdırmalar zamanı 50-100 milyon arasında ev qulluqçusunun olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, həmin ölkələrdə təxminən 70-100-140 adama bir ev qulluqçusu düşür.
Bu məsələnin müzakirəsinin vacib olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycanda bu statistika yoxdur.
“Amma söhbət qanunvericiliyin insanlara şamil olunmasından gedirsə burada Konstitusiyadan tutmuş “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna qədər bütün sənədlərdə dəyişiklik edilməsi zəruri olur. Yalnız “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsində bir cümlə ilə bu məsələyə toxunulub ki, bu da kifayət etmir”.
Azərbaycanda 1 milyon 900 min ailənin olduğunu qeyd edən Məlahət İbrahimqızı bildirib ki, onların apardığı rəy sorğusuna əsasən, bu gün Azərbaycanda təxminən 38 min ev qulluqçusu var.
“Ancaq bu rəqəm kiçikdir. Konvensiyaya uyğun olaraq evə qulluqçu götürülən zaman onunla əmək müqaviləsi bağlanılmalıdır. Bundan əlavə əmək vaxtı müəyyənləşdirilməli, onların sosial sığortası həyata keçirilməlidir. Çünki belə müqavilə bağlanmırsa qalan məsələlər sahibinin insafına qalır. İşçinin sağlamlığına dəyən ziyan ödənilmir. Ümumiyyətlə, bu sahədə ciddi çətinliklər var”.
Bununla belə deputat bu sahədə qulluqçuların özlərinin də müəyyən problemlərinin olduğunu vurğulayıb. “Çünki müəyyən dayələrin oğurluq etməsi halları son vaxtlar çoxalıb. Hətta bizdə dayələr ancaq uşağa baxan insanlar kimi qəbul edilir. Amma bu, belə deyil. Bu dayələr həm də məktəbəqədər tərbiyə ilə də məşğul olmalıdırlar”.
Deputatın rəhbəri olduğu “Lider qadınlar” İctimai Birliyinin bu məsələlərin həlli üçün təklifləri də var.
M.İbrahimqızı deyib ki, bu məsələ qanunvericilikdə əks olunmalıdır:
“Onların statusu müəyyənləşdirilməlidir. Bu sahədə ictimai maarifləndirməyə böyük ehtiyac var. Məşğulluq məsələsi sertifikatlaşdırılmalıdır.
Bu gün dünyada ev quluqçularının 80 faizini qadınlar təşkil edir. Onların isə çoxu 18 yaşından aşağı qızlardır. Afrika, Asiya ölkələrində bu, belədir. İnkişaf etmiş ölkələrdə isə ev qulluqçusu kimi qeyd olunanlar çox aqzdır. Bu, o demək deyil ki, onlarda belə insanlar yoxdur. Sadəcə onlara müəyyən status verilib”.
Sonda M.İbrahimqızı qeyd edib ki, BMT-nin sözügedən konvensiyasının ratifikasiya olunması zəruri məsələdir.
Modern.az