Fransa Senatının Qanunlar Komissiyası qondarma "erməni soqyırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan və Milli assambleyada qəbul edilən qanun layihəsinin Senatda müzakirəyə çıxarılmamasına qərar verib. Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Qanunlar Komissiyasında səsvermə zamanı sözügedən sənədin müzakirəyə çıxarılmamasını nəzərdə tutan təklif 23 səs lehinə, 9 əleyhinə olmaqla qəbul edilib. Səsvermədə 8 nəfər bitərəf qalıb.
Bu qərar 23 yanvar tarixində Senat Baş Məclisinin gündəliyinə çıxarılacaq. Əgər qərar təsdiqlənərsə, o zaman "erməni soyqırımı"na dair qanun layihəsi müzakirə edilmədən Senatın gündəliyindən çıxacaq.
“Erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa Milli Assambleyasında 2011-ci il dekabrın 22-də qəbul olunub. Qanuna əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Modern.az