Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Necdət Ünüvar (AKP), Şuay Alpay (AKP), Əli Özgündüz (CXP) və Sinan Oğan (MHP) bu gün bir sıra görüşlərdə olublar.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Necdet Ünüvar 2003-cü ildə ölkəmizə səfəri zamanı Heydər Əliyevlə görüşünü ehtiramla xatırlayıb. O, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri kimi ölkələrarası, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq Qrupunun üzvləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də olublar. Qonaqlaqrı qarşılayan komitə sədri Səməd Seyidov onların Azərbaycanda olmalarından məmnun olduğunu ifadə edib.
Daha sonra Azərbaycanın probleminin Türkiyənin, Türkiyənin probleminin isə Azərbaycanın problemi olduğunu vurğulayn Nejdət Ünüvar erməni soyqırımını inkar edənlərin cinayətə cəlb edilməsi ilə bağlı qanun təklifinin qəbul edilməsinə diqqət çəkib.
“Yanvarın 23-də Fransa Senatında müzakirəyə çıxarılacaq uydurma “erməni soyqırımı”nı tanımayanlar üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin təkcə Türkiyəyə deyil, bütünlükdə türk toplumuna qarşıdır.Ümid edirik ki, Fransa parlamenti yanlış yolda olduğunu anlayıb geri çəkiləcək. Təkcə Türkiyənin yox, həm də Azərbaycan və digər türkdilli ölkələrin bu məsləyə qarşı olması zəruridir”.
N.Ünüvar rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan prezidenti və xarici işlər naziri tərəfindən qəbul edildiyini, Azərbaycan rəsmilərindən çox səmimi münasibət gördüklərini deyib.
Səməd Seyidov isə nəinki Azərbaycan parlamentinin, hətta böyükdən kiçiyə qədər bütün Azərbaycan xalqının Türkiyənin yanında olduğunu vurğulayıb və bildirib ki, Fransa parlamentində atılan addım təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşıdır.
Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Modern.az