Bu gün “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində bu qurumun üzvlərilə Parlament Jurnalistləri Birliyi (PJB) üzvlərinin görüşü təşkil olunub. Modern.az saytının məlumatına görə, görüşdə İcmanın sədri Bayram Səfərov, qurumun üzvləri Fərhad Bədəlbəyli, Rövşən Rzayev, deputat Fuad Muradov, PJB-də təmsil olunan 10-dan çox jurnalist iştirak edib.
PJB-nin rəhbəri Elşad Eyvazlı bildirib ki, hər bir Azərbaycan vətəndaşı kimi bu ölkənin media işçiləri də Qarabağ münaqişəsinin tezliklə, ədalətli həllini istəyirlər.
Onun sözlərinə görə, bu məsələdə jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür:
“Bəzən elə olur ki, bilməyərəkdən hansısa yazımızda, səhvlərə yol veririk ki, bu da ümumi işimizə ziyan vurur. Ona görə biz istəyirik ki, bu qurumla birlikdə koordinasiyalı şəkildə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəmizi verək”.
İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görüşdə bildirib ki, icma ev-eşiyindən didərgin salınmış insanların öz evlərinə qayıtması istiqamətində fəaliyyət göstərir. B.Səfərovun sözlərinə görə, 2012-ci ildə dövlət büdcəsindən “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” üçün vəsait ayrılması onların fəaliyyətinə müsbət təsir göstərəcək. Bunun hesabına icma xarici ölkələrdə müxtəlif tədbirlər keçircək.
B.Səfərovun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması bir şərtlə Dağlıq Qarabağda referendum keçirilməsinə razıdır. Bu şərt azərbaycanlıların doğma yurdlarına qayıtmasından ibarətdir. “Amma separatçı rejim rəhbərliyi bunu istəmir”-deyə B.Səfərov vurğulayıb.
Deputat Rövşən Rzayev isə bildirib ki, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi fevralın 20-dən sonra Xocalı soyqırımının Avropada – Almaniyada, Belçikada və digər ölkələrdə tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək. Həmin tədbirlərdə icma üzvlərilə yanaşı, Xocalı soyqırımı zamanı əsir düşmüş şəxslər də iştirak edərəklər.
Modern.az