Yarandığı gündən türk xalqlarının mədəniyyətinin araşdırılması, gənc nəslə çatdırılması, habelə dünyada təbliği istiqamətində fəaliyyət göstərən TÜRKSOY türkdilli ölkələrin elm, sənət və mədəniyyət xadimləri üçün «TÜRKSOY – Onur medalı» təsis edib. 2011-ci ilin yekunlarına görə medalın türk dünyasının elm və mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan professor Turan Yazqana verilməsi qərara alınıb.
Azərbaycanın qurumdakı təmsilçisi Elçin Qafarlının Modern.az-a verdiyi məlumata görə TÜRKSOY Baş Katibliyinin qərargahında bununla əlaqədar təşkil olunan xüsusi mərasimdə medal sahibinə təqdim edilib. Sonra professor Turan Yazqanın türk dünyasının milli-mənəvi və mədəni birliyinin təmini sahəsindəki əzmkar fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə çıxış edən TÜRKSOY baş katibi Düsen Kaseinov professor Turan Yazqanın türk dünyasını sevən, onun problemlərinin həllinə xüsusi can yandıran böyük şəxsiyyət olduğunu bildirib. Düsen Kaseinov onun fəaliyyətinin türk dünyasında böyük hörmətlə izlənildiyini və hörmətlə qarşılandığını vurğulayıb.
Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Ərtoğrul Günay öz növbəsində TÜRKSOY-un təsis etdiyi medalın professor Yazqana verilməsini məntiqi addım kimi dəyərləndirib. Ərtoğrul Günay deyib ki, professor Yazqanın təşəbbüsləri sayəsində türkdilli ölkələr son illər xüsusən də humanitar sahədə elmi əməkdaşlığı daha da gücləndiriblər. O, Azərbaycan, Qazaxıstan və Qırğız Respublikasında ödənişsiz fəaliyyət göstərən türk liseylərinin fəaliyyətini bu baxımdan xüsusi qeyd edib. Nazir professor Turan Yazganın bundan sonra da türk mədəniyyətinin araşdırılması və təbliği sahəsində böyük işlər görəcəyinə ümidvar olduğunu deyib.
Professor Turan Yazqan belə bir yüksək medala layiq görülməkdən şərəf duyduğunu bildirib və TÜRKSOY-a minnətdarlığını ifadə edib. O, eyni zamanda türk dünyasının vahid əlifbasının tərəfdarı olduğunu bildirərək deyib: «Dünyada elə bir dil yoxdur ki, ikinci bir əlifbası olsun, Türklər əlifba ilə bölünmüşlər. Türk dünyasının bir əlifbası olmalıdır». Tədbirdə çıxış edən digər şəxslər də professor Turan Yazqanın türk dünyasındakı əvəzsiz xidmətlərindən söz açıblar.