“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyyətinin iclası keçirilib. Modern.az-a verilən məlumata görə, iclasda gündəliyə bir neçə məsələ müzakirəyə qoyulub. Torpaq və toponim məsələsi ilə bağlı geniş müzakirə aparılıb. Bu məsələlərlə bağlı M. Saakaşviliyə ünvanlanan müraciət oxunub və qəbul edilib.
Toponimlərlə bağlı müraciətdə deyilir ki, yüz illərlə tarixi olan bir sıra Borçalı türk kəndlərinin adlarının əsassız olaraq 1991-92-ci illərdə dəyişdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması ciddi problemlərdir.
“İnsanlarımızı inandıra bilmişik ki, bütün problemləri ədalətli həll etmək qabiliyyətinə yalnız demokratiya, demokratik quruluş qadirdir.
Artıq demokratik Gürcüstan qurulur. Zaman yetişmişdir. Bolnisi rayonunda 1991-92-ci illərdə Borçalı türk milli kimliyinə olunmuş təcavüzü-ləkəni gürcü demokratları gürcü tarixindən silməlidirlər. Bu məktubda 100 minlərin, yüzlərlə elm, incəsənət, mədəniyyət nümayəndələrinin, siyasi elitanın fikrini ifadə edilir. Bunları nəzərə almağınızı xahiş edirik.
“Borçalı” İctimai Cəmiyyətinin müraciətində bildirilib ki, bu mövzuda Saakaşviliyə üçüncü dəfədir ki, müraciət eilir.
“Təəssüflər olsun ki, hələlik heç bir müraciətimizə cavab verilməmişdir. Ümid edirəm ki, Siz əsl demokrat nümunəsi göstərəcək və TOPONİMLƏRlə bağlı vaxtilə buraxılmış xətanı düzəldəcəksiniz”.
“Borçalı” torpaq məsələsi ilə də bağlı Saakaşviliyə müraciət edib.
Müraciətdə deyilir ki, Gürcüstanda sadə Borçalı türklərinin yeganə dolanışıq mənbəyindən biri olan torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması təəssüf ki, adi hal almaqdadır.
“Bu problemi siyasiləşdirmək istəməsək də çox təəssüf ki, uzun müşahidələrimiz torpaq məsələsinin məhz siyasi xarakter daşıdığını iddia etməyə əsas verir. Son bir ilə yaxın bir müddətdir Qardabani rayonunda (Qardabani, Kosalı, Nəzərli və Vaxtanqisi) torpaq islahatı adı altında yerli əhalinin yeganə dolanışıq yeri olan 900 hektara yaxın əkin və otlaq təyinatlı torpağın yerli əhalinin icarə müqaviləsi olmasına baxmayaraq, qəfil “işbazlar” tərəfindən əhalinin əlindən alınmasının yaratdığı problem həll olunmamış qalmaqdadır. Son vaxtlar isə Laqodexi rayonunda (Qaraçöp bölgəsində) belə vəziyyət yaradılmışdır. Gürcüstan qanunvericiliyinə zidd olaraq, qapalı hərrac keçirilmədən həyata keçirilən bu hal yerli əhali arasında ciddi narazılığa səbəb olmuşdur. Bunlar azmış kimi öz hüquqları uğrunda fəallıq göstərən soydaşlarımız çox təəssüf ki, hələ də hüquq mühafizə, təhlükəsizlik orqanları və yerli hakimiyyət orqanları tərəfindən mənəvi psixoloji təzyiqlərə məruz qalmaqdadırlar.
Nəticədə hüquqları pozulmuş minlərlə vətəndəşlarımızın səbr kasası dolmaqdadır. Ola bilər məmurlar Sizə düzgün məlumat vermirlər. Hesab edirik ki, bu hal dərhal dayandırılmalı və bu işə rəvac verənlər məsuliyyətə cəlb olunmalıdırlar”.
Modern.az