Bu gün Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü keçirilib.
Modern.az saytı xəbər verir ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Nizami Cəfərov bildirib ki, sözügedən qrupun təxminən 40-a yaxın üzvü var. Bu da parlamentin tərkibinə görə ən böyük işçi qruplarından biridir.
N.Cəfərov onu da bildirib ki, bu parlament rəhbərliyinin və millət vəkillərinin Türkiyəyə və onun parlamentinə böyük önəm verməsinin göstəricisidi.
Deputat qeyd edib ki, türkiyəli deputatların Azərbaycana səfəri və o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü səmərəli və əhəmiyyətli olub.
“Ümumiyyətlə bizim işimiz, fəaliyyətimiz iki xalq və dövlət arasında qardaşlıq, dostluq münasibətlərinin daha da sıxlaşmasına xidmət etməkdən ibarət olmalıdı.
N.Cəfərov qeyd edib ki, qardaş və dost xalqlar kimi heç zaman provokasiyalara uymamalıyıq. Bəzən belə fikirlər var ki, siyasət olan yerdə provokasiya da olmalıdır. Amma atalarımızın da belə bir məsəli var ki, ən böyük biclik düzlükdür və biz də fəaliyyətimizdə doğru olanları seçmişik və seçməliyik. Prezidentimiz İlham Əliyev də dəfələrlə öz çıxışlarında Azərbaycan Türkiyə münasibətlərinə toxunaraq bildirib ki, bu münasibətlər hər zaman ən yüksək səviyyədə olmalıdır. Ona görə hesab edirəm ki, qardaşlar arasında hər hansı problem çıxarsa, onu da qardaşlar kimi həll etməliyik və edirik”.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycana səfərdən çox məmnun duyuqlarını bildirib. O deyib ki, bu səfər yeni üfüqlər açır.
“Buradan getsək də Azərbaycan bizim bir parçamızdır. Dövlət başçısının da qeyd etdiyi ki, biz birliyimizi hər zaman qorumalıyıq. Biz eyni zamanda nə qədər yaxın olsaq da biri birimizi daha yaxından tanımalıyıq. Qardaşların, dostların arasına pis niyyətli insanlar girərsə, onları da birlikdə əngəlləməyə çalışmalıyıq”.
Fransa Senatında “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin gözlənilən müzakirəsinə toxunan N.Ünüvar bunun Azərbaycan və Türkiyənin ortaq problemi olduğunu qeyd edib:
“Biz Fransa parlamentinn son dərəcə ayıblı olan qanun layihəsinə qarşı birgə mövqedən çıxış etməliyik. Burada olduğumuz və keçirdiyimiz görüşlərdə şahid olduq ki, birgə mövqedən çıxış edirik.
Azərbaycanda dövlət başçısında tütmüş, sıravi hər bir insana qədər hər kəs bu məsələ ilə bağlı öz kəskin və birmənalı mövqeyini ortaya qoyub. Eyni zamanda Azərbaycanda bu istiqamətdə daha bir sıra işlər görülməkdədir. Bu isə bizi sevindirməkdədir”.
Modern.az