Modern.az

Gövhər Baxşəliyeva Londondan Azərbaycana aid əlyazmaların şifrələrini gətirib

Gövhər Baxşəliyeva Londondan Azərbaycana aid əlyazmaların şifrələrini gətirib

19 Yanvar 2012, 16:24

Modern.az xəbər verir ki, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva yanvar ayının 9-18 tarixlərində Böyük Britaniyanın London və Oksford şəhərlərində elmi ezamiyyətdə olub. Səfər Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsi çərçivəsində həyata keçirilib. Səfərin məqsədi Böyük Britaniyanın kitabxanalarında Azərbaycanın tarixi ərazisini təsdiq edən qədim xəritələrin axtarışı idi. G.Baxşəliyeva Britaniya Milli Kitabxanası, məşhur Oksford kitabxanası və digər arxiv və kitabxanalarda axtarışlar aparıb.

Britaniya Milli Kitabxanası saxlanılan xəritələrin zənginliyinə görə dünyada ikinci yeri tutur və burada 4,5 milyona yaxın xəritə saxlanılır. Oksford kitabxanası isə dünyanın ən qədim kitabxanalarından biridir və materialların zənginliyinə görə Britaniya Milli Kitabxanası ilə rəqabət aparır.

Gövhər Baxşəliyeva Böyük Britaniya kitabxanalarında Qafqaza, Kiçik Asiyaya, Yaxın və Orta Şərqə, Rusiyaya aid yüzlərlə xəritəni nəzərdən keçirərək, onların arasında Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra qədim xəritələri aşkar edib. Onların bir qisminin surətləri çıxardılıb, digərlərinin isə surətlərinin elektron variantları sifariş edilib. Sifariş olunan xəritələrin surətləri iki həftə ərzində sifarişçiyə çatdırılmalıdır.

Eyni zamanda G.Baxşəliyeva səfər çərçivəsində həmin kitabxanalarda saxlanılan qədim tarixi mənbələri və orta əsrlər çap kitablarını da nəzərdən keçirib və qədim Azərbaycana aid, Albaniya və Atropatena dövlətləri haqqında materialların surətlərini çıxarıb. O, bu materialların dilimizə tərcüməsi və tədqiqinin xalqımızın qədim tarixinin yeni-yeni səhifələrini açmağa kömək edəcəyinə inanır.

Millət vəkili kitabxanalarda ərəb, fars və türk əlyazmaları kataloqlarını da nəzərdən keçirərək, orada Azərbaycan müəlliflərinə aid və Azərbaycanın tarixinə aidliyi ehtimal edilən  əlyazmaların şifrələrini götürüb. Həmin əlyazmaların da sürətlərinin tədricən Azərbaycana gətirilməsi vacibdir və bu istiqamətdə konkret addımlar atılacaq.

Toplanmış materiallar üzərində  hazırda dərin elmi araşdırmalar aparılır və bu iş tamamlandıqda, nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal