Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçiliyinin rəhbəri Qohar Qasparyan ölkəsinin Azərbaycanda keçiriləcək musiqi yarışmasında iştirak edəcəyini təsdiqləyib.
Modern.az xəbər verir ki, erməni KİV-lərinə açıqlamasında Qohar Qasparyan bildirib ki, Ermənistan bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012”yə qadın müğənni də göndərə bilər. Amma o, həmin müğənninin adını hələ açıqlamaq istəməyib. Qasparyan İrəvanda bununla bağlı müzakirələrin yekunlaşmaq üzrə olduğunu və tezliklə mahnı yarışmasındakı təmsilçinin adının bəlli olacağını mümkün sayıb.
O qeyd edib ki, Ermənistan tərəfi təhlükəsizlik məsələsindən narahatdır. Ola bilsin ki, son qərar ümumiyyətlə Bakıya getməməkdən ibarət olsun.
Bir müddət öncə Bakıda Ermənistanı təmsil edəcək namizədlər arasında “System of a Down” rok qrupunun adı çəkilirdi. Qrup 1995-ci ildə solo ifaçı Serj Tanqyan və gitaraçı Daron Malakyan tərəfindən Los-Ancelesdə yaradılıb.
Amma belə görünür ki, ermənilər Bakıda tamaşaçıların könlünü qadın müğənni ilə ofsunlamaq niyyətinə düşüblər...
Ermənistan bundan öncə “Eurovision” Mahnı Müsabiqəsində bir neçə dəfə qadın müğənni ilə təmsil olunub, amma uğurlu nəticə əldə edə bilməyib.
Modern.az