Yanvarın 19-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pensilvaniya Universiteti BMT-nin baş qərərgahında dunya üzrə beyin mərkəzlərinin reytinqlərinin qiymətləndirilməsi ilə bağlı yeni hesabatını açıqlayıb. Məlumat üçün bildirək ki, hesabatda müxtəlif kateqoriyalar üzrə dünyanın 182 ölkəsindən 6545 təşkilatla bağlı qiymətləndirmə aparılıb. 2012-ci il üzrə qiymətləndirmə prosesinə 120 ölkədən 1500 ekspert, 30 ölkədən hökümət qurumu və 150 aparıcı jurnalist cəlb edilib.Universitetin qiymətləndirici şurasına isə dünyanın 120 akademik institutu, o cümlədən ABŞ-ın Harvard, Böyük Britaniyanın Oksford və Kembric universitetləri daxil edilib. Azərbaycandan yalnız İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) müxtəlif kateqoriyalar üzrə qiymətləndirmədə yer alıb. Belə ki, İSİM dünyanın 50 aparıcı beyin mərkəzi siyahısında 33-cü sırada qərarlaşıb. Hansıki, bu kateqoriya üzrə dünyanın 25 min beyin mərkəzinin namizədliyi irəli sürülübmüş.
İSİM rəhbəri Vüqar Bayramovun açıqlamasına görə, hesabatda Azərbaycandakı qeyri hökümət təşkilatlarından 12-nin beyin mərkəzi kimi fəaliyyət göstərdiyi qeyd edilib: “Aparıcı beyin mərkəzləri siyahısında birinci sırada Böyük Britaniyanın Kral İnstitutu, ikinci sırada isə İsveçin Stokholum Beynəlxalq Sülh Araşdırmalar İnstitutu qərarlaşıb. Amnesty International və Beynəlxalq Böhran qrupu 3-4-cü yerləri bölüşdürüb. Mərkəzi Şərqi Avropadan həmin siyahıda İSİM-dən başqa 2 təşkilat - Karnegi Moskva Mərkəzi (Rusiya) və Polşanın Sosial İqtisadi Araşdırmalar Mərkəzi təmsil olunub. Siyahıda Karnegi Moskva Mərkəzi 13-cü yerdə, Polşanın Sosial və İqtisadi Araşdırmalar Mərkəzi 39-cu sırada yer alıb”.
Məlum olur ki, hesabata yeni kateqoriya üzrə - illik büdcəsi 5 milyon dollardan az olan dünyanın ən məşhur beyin mərkəzinin qiymətləndirilməsi də daxil edilib. İSİM illik büdcəsi 5 milyon dollardan az olan dünyanın ən məşhur beyin mərkəzi kimi ilk üçlükdə qərarlaşıb : “Bu kateqoriyaya 8000 beyin mərkəzinin namizədliyi irəli sürülüb. Yalnız 15 beyin mərkəzinin adı siyahıya daxil edilib. İSİM və Polşanın Sosial İqtisadi Araşdırmalar Mərkəzi Mərkəzi Şərqi Avropanı və MDB-ni bu kateqoriyada təmsil edən yeganə beyin mərkəzləridir. İqtisadi və Sosial İnkişaf Mərkəzi həmçinin Mərkəzi Mərkəzi Şərqi Avropanın ən aparıcı beyin mərkəzi kimi də qiymətləndirilib.Hansıki həmin qiymətləndirmə üzrə Mərkəzi Şərqi Avropada və MDB-də fəaliyyət göstərən 2 000 beyin mərkəzinin namizədliyi irəli sürülüb. Onlardan 30-u Mərkəzi Şərqi Avropanın aparıcı beyin mərkəzi kimi dəyərləndirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi 15-ci sırada yer alıb. Gürcüstanın Yeni İqtisadi Məktəbi isə beyin mərkəzi kimi 23-cü sırada qərarlaşıb”.
V.Bayramovun sözlərinə görə, Ermənistandan hər hansı beyin mərkəzi nə dünyanın, nə də Mərkəzi Şərqi Avropanın aparıcı beyin mərkəzi sıyahısına daxil edilib: “Hesabatda İqtisadi və Sosial İnkişaf Mərkəzinin 3 kateqoriya üzrə dünyanın ən güclü beyin mərkəzləri siyahısında yer alması ciddi faktdır. Azərbaycan vətəndaş cəmiyyətindən ilk dəfə beyin mərkəzinin adı dünyanın 50 aparıcı beyin mərkəzi siyahısına daxil edilir. Bu da İSİM-in yalnız ölkə daxilində deyil, regionda iqtisadi siyasətə təsir etmək imkanından xəbər verir”.
Modern.az