Modern.az

Oqtay Əsədov: “Milli Məclis Fransa parlamentinə 4 dəfə müraciət edib”

Oqtay Əsədov: “Milli Məclis Fransa parlamentinə 4 dəfə müraciət edib”

Təhsil

19 Yanvar 2012, 21:44

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oqtay Əsədov Türkiyə-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu ifadə edərək,  əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşımasında dövlət başçılarının rolunu xüsusi vurğulayıb: “Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlərə nümunə olacaq səviyyədədir. Türkiyənin uğuru bizim uğurumuz, ona atılmış daş Azərbaycana atılmış daşdır”. 
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, sədr hər iki ölkə ictimaiyyətini Fransa parlamentində uydurma “erməni soyqırımı”nın müzakirəsinin narahat etdiyini söyləyib: “Azərbaycan hər zaman Türkiyənin yanındadır. Qondarma “erməni soyqırımı” ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan ictimaiyyətinin və iqtidarın mövqeyi birmənalıdır. Ölkə rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayır və müvafiq tədbirlər görülür. Uydurma “erməni soyqırımı” ilə bağlı məsələ Fransa Parlamentinin aşağı palatasında müzakirə olunduqdan sonra Senatın Konstitusiya komissiyası “İnkarçılığın cəzalandırılması” adlı qanun layihəsinə mənfi rəy verib. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. Azərbaycan və türk diasporları bədxahlarımızın öz istəklərinə çatmaması üçün fəaliyyətlərini gücləndirməlidirlər”. 
Spiker qeyd edib ki, Azərbaycan parlamenti bu məsələ ilə əlaqədar Fransa parlamentinə dörd dəfə müraciət qəbul edib: “Ötən ilin sonunda Milli Məclisdə keçirilən müzakirələrdə çıxışlar zamanı parlament rəhbərliyi və deputatlarımız Türkiyəni dəstəklədiklərini bir daha bəyan etdilər”.  
Necdet Ünüvar səfər çərçivəsində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını deyib. O, görkəmli dövlət xadimi Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsini xatırlayaraq bugünkü  Türkiyə-Azərbaycan münasibətlərinin Heydər Əliyevin söylədiyi kimi, “Bir millət iki dövlət” səviyyəsində olduğunu xüsusi qeyd edib: “Ortaq problemlərin həllində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti günün tələbidir. Biz bu məsələdə Bakıda keçirdiyimiz görüşlər zamanı Azərbaycanın dəstəyini bir daha hiss etdik. Ümid edirik ki, Fransa Senatında müzakirəsi gözlənilən uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi qəbul olunmayacaq. Biz Azərbaycan ictimaiyyətinin, ölkə rəhbərliyinin və Milli Məclis deputatlarının bu məsələdəki mövqeyini yüksək dəyərləndiririk”.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu, Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıc və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal