Biz elə davrana bilərdik ki, Türkiyə mətbuatında “”Azəri qardaş, sən hardasan?" başlıqlı məqalə dərc olunmazdı. Ortada kiminsə təxribatçı əməlləri, iki qardaş arasındakı münasibətləri pozmaq üçün çabaları da ola bilər. Ancaq həssas bir dönəmdə belə bir yazı - hətta qaz anlaşmasından sonra - AKP hökumətinə yaxın “Yeni Səfəq” qəzetində çap olunubsa, deməli, yenə də nələrsə yerində deyil, münasibətlərdə soyuqlaşma var.
Fakt budur ki, Fransa parlamentinin aşağı palatasında qəbul edilən və yanvarın 23-də yuxarı palatada müzakirə olunacaq “erməni soyqırımı” layihəsinə Azərbaycandan verilən reaksiyalar qardaş ölkədə yetərli sayılmır. Elə Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatının Bakıya səfəri, prezident, Milli Məclis sədri ilə görüşlər keçirməyə zərurət bilmələri də bunu göstərdi. Necə ki, 2009-cu ildə bizim deputatlar Türkiyədə eyni narahatçılıqlardan doğan görüşlər keçirmişdilər.
Bəzən bizim qəzetlərdə də “daha Azərbaycan nə etməlidir ki, Türkiyə razı qalsın” kimi fikirlərə rast gəlinir. Məsələnin qoyuluşu düzgün deyil, qardaşlar. Türkiyə bizim üçün Rusiya, ya Amerika deyil ki, onunla tənə, ya minnətlə danışaq. Türkiyə heç bizimçün İran da deyil. Türkiyə bizim özümüzdür, özcə dövlətimizdir. Odur ki, sərhəd krizindən sonrakı növbəti bir həssas dönəmdə diqqətli olmağımız lazımdır.
Bu məqamda erməni jurnalist Hrant Dinkin cənazəsinin türkcə, ermənicə və kürdcə “Hepimiz Hrant Dinkiz!, ”Hepimiz erməniyiz!" şüarları ilə dəfn edilməsini xatırlatmağa, Bursada bayrağımıza qarşı həqarətdən danışmağa da ehtiyac yox. Dink və Sarkozi məsələləri müqayisəyə belə gəlməz. Belə bir qüsurlu müqayisəni nə iqtidar, nə müxalifət, nə də mətbuat nümayəndələri aparmamalıdır. Biz də türküksə, türk dövlətiyiksə, Fransa Senatının qəbul etməyə hazırlaşdığı qanunun öncə Azərbaycana qarşı olduğunu bəyan etməliyik. Bizim rəsmilər nədənsə bu məsələni daha çox Avropa Birliyinin üzvü olan Fransanın ölkədə söz azadlığına qadağa qoyması kontekstində izah edirlər. Ancaq Fransanın belə bir qərar qəbul etməsi həm də o deməkdir ki, o, heç vaxt Ermənistanın Azərbaycan torpağını işğal etməsi, Xocalıda soyqırım törətməsi, gerçək soyqırıma ermənilərin müəlliflik etməsi faktlarını tanımayacaq. Özü də bu kimi qanunların digər ölkələrdə də qəbulu gözlənilir. Deməli, bu qanunun ən böyük zərbəsi Azərbaycana dəyəcək. Odur ki, ilk etirazlar Bakıdan getməli idi.
Düzdür, Azərbaycan bütün səviyyələrdə Fransa Senatına rəsmi şəkildə etiraz edib. Ancaq deyək ki, Milli Məclisin etiraz məktubunu göndərmək üçün gözləməyə gərək yox idi. Əslində bu etiraz Sarkozi İrəvanda qondarma “soyqırım” abidəsini ziyarət edəndə, Türkiyəni olmayanlara görə hədələyəndə eşidilməliydi. Bəyan olunmalı idi ki, 20 il öncə Xocalıda soyqırım törədən, 21-ci əsrdə bir dövlətin ərazisinin beşdə birini işğalda saxlayan ölkəni himayə edən Fransanın daha bundan sonra Qarabağ məsələsində ədalətli mövqe sərgiləyəcəyinə inanmırıq. Bəyan olunmalı idi ki, belə bir mövqedən sonra Avropa Birliyinin aparıcı dövləti kimi Fransanın haqq-ədalətdən danışmağa haqqı çatmadığı üçün Minsk Qrupundan getməlidir.
Sarkozi Ermənistanda olmayan bir məsələyə görə qoyulmuş abidənin qarşısında baş əydikdən sonra Bakıya fransız məktəbinin təməlini qoymağa gəldi. Əslində onu açılışdan öncə Şəhidlər Xiyabanında erməni gülləsindən həlak olan minlərlə şəhidimizin məzarı başına, ordan da Xocalı abidəsinin qarşısına aparmaq lazım idi. Yox, əgər təklif alıbsa, getməyibsə, bu da dərhal açıqlanmalı idi.
Belə görünür ki, bizi Türkiyə ilə keçmiş birləşdirdiyi kimi, gələcək də birləşdirəcək. Biz bir olmağa həm də məhkumuq. Serj Sərkisyan erməni gənclərinə “Bizim nəsil Qarabağı alıb, sizin nəsil Ağrı dağını almalıdır”, - demədimi? Əgər biz Türkiyə ilə bir olub Qarabağı qaytara bilməsək, onda günün birində Ermənistan öz himayədarlarının köməyi ilə Ağrıya qarşı da eyni ssenarini işə salacaq. Hələ qabaqda qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı şoular var. Deməli, Türkiyə-Azərbaycan birliyi bundan sonra daha çox gərəkdir.
Son illərdə Türkiyə hökumətinin ermənilərə qarşı yumşaq siyasətinin yanlış məsələ olduğu da üzə çıxdı. Necə ki, futbol diplomatiyası uğursuzluğa düçar oldu. Necə ki, baş nazir Rəcəb Teyyub Ərdoğan Türkiyədəki miqrant ermənilərin övladlarının Türkiyə dövləti hesabına təhsil almasına icazə verərkən erməniləri ram edəcəyini düşünmüşdü. Ancaq Sərkisyan İtaliya səfərində daha quduz görkəm aldı və “Türklər diz çökməlidirlər”, dedi.
Türkiyədəki səfirimiz Faiq Bağırov deyib ki, Azərbaycan bu məsələdə Türkiyənin yanında olan, Türkiyəni dəstəkləyən yeganə ölkədir. Başqa necə olmalıdır ki? Türkiyənin milli məsələlərdə ən çox dəstək umduğu ölkə haqlı olaraq can Azərbaycandır. Nə olsun ki, digər türkdilli ölkələr də var. Azərbaycan təkcə bir tarixi fakta görə var olduqca Türkiyənin yanında olmalıdır - Bakının erməni-rus istilasından azad olunmasına görə! 1918-ci ilin 15 sentyabrını - Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakı zəfərini unutmamalıyıq! Azərbaycan da Türkiyə uğrunda şəhidlər verib. 1915-ci ildə - Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlı şəhid olub. Biz qan qardaşı olaraq həm də qarşılıqlı şəkildə QAN vermişik. Bu qandır bizi birləşdirən. Odur ki, vaxtaşırı bir-birimizdən daha çox umuruq, tez-tez küsürük. Uman yerdən küsərlər axı.
Biz hər bir məsələdə, xüsusi ilə də son olaylarda Türkiyənin yanında, Fransanın (qardaş ölkəmizə qarşı kim durursa) önündə olmalıyıq.
musavat.com