Modern.az

Prezident İlham Əliyev Gəncəyə səfər edib

Prezident İlham Əliyev Gəncəyə səfər edib

21 Yanvar 2012, 15:25

Yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinə səfər edib. Prezident şəhərə gəlişinə Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb. Burada prezidentə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verilib.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunub. Gəncənin inkişaf proqramı işlənib hazırlanmışdır və bu proqram hazırda uğurla icra edilir.
Dövlət başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə edib.

Daha sonra Azərbaycan prezidenti Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib. Filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilib. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaq. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur. Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoyub.

Prezident İlham Əliyev Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlət başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxıb.
Uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır. Nizami Gəncəvinin mənsub olduğu Şıxzamanovlar nəslinin yaşadığı ev də bu küçədə yerləşir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir.
Qeyd edildi ki, küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulub. Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində kərpic imitasiyasına xüsusi yer verilib, dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanıb. Binaların dam örtükləri də yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanıb. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınıb. Küçə boyu 9 min kvadratmetr sahədə qranit plitələr döşənib, müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılıb. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan sənətkarlar üçün xüsusi emalatxanaların tikilməsi də nəzərdə tutulur. Küçə boyu milli adət-ənənələri təsvir edən heykəllər qoyulub.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin “DET AL” Alüminium MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışında iştirak edib. “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilib. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınıb, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.
2008-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılıb. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulub. Burada müasir quru qaz-təmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.
Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcək. İşçilərin orta aylıq əmək haqqı 450 manat olacaq. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilib. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunub. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılıb. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr “DET.AL AZE” loqotipinə malik olmaqla 22,5 kiloqramdır.

Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxıb. Burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilib.
Prezident İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxıb.

Sonra dövlət başçısı zavodun mərkəzi idarəetmə ofisində olub. Burada bütün istehsal prosesi kompyuterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir.
Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəldi. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesini izləyib.
Birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılıb. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulub. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılıb. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanmış və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaq. Soyuq yayma zavodunun isə tikintisinə başlanmış və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaq. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni iş yerinin açılması planlaşdırılır.

Yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülüb. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaq və qazma işləri həyata keçirilib, ərazi təmizlənib və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilib. Əraziyə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilib, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan “DET AL” inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilib. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni “DRI” zavodunun tikintisinə başlanacaq. 2013-cü ildə yeni pelet zavodunun tikintisi başa çatdırılacaq, “DRI” zavodunun tikintisi davam etdiriləcək. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaq. 2014-cü ildə yeni “DRI” zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcək. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaq. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaq. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq.
Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb, xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olub.
Dövlət başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxıb. Dahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənib, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilib, beş buta qranitlə üzlənib, bir süni göl və körpü yenidən təmir olunub. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulub. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınıb, dekorativ ağaclar əkilib. Azərbaycan prezidentinin diqqətinə çatdırılıb ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanıb. Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaq. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaq.
Prezident İlham Əliyev Nizami Gəncəvinin məzarı üzərinə gül dəstəsi qoyub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak edib. Dövlət başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb, burada yaradılmış şəraitlə tanış olub.
Ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə inşa edilib. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirib. 
İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub. Dövlət başçısına məlumat verildi ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 100 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. İlham Əliyev dövlət bayrağını qaldırıb. Görülmüş işlərdən razılığını bildirən dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib. Dövlət başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürüb, önünə gül dəstəsi qoyub. Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilib. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılıb. Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulub. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlib. Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan “Xəmsə” abidə kompleksi də dövlətimizin başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.

Azərbaycan prezidenti Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış olub. Qeyd edilib ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcək. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaq. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.

Mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub. 

İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub. Kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülüb. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınıb, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənib. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilib, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlət başçısının müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.

İlham Əliyev Gəncədə inşa olunan “Qala” kompleksinin tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı Gəncənin Bakıdan girişinin eskiz layihəsi ilə tanış olub. İnşasına ötən ilin aprelində başlanılan “Qala” kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbi və gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaq. Qalanın qarşısında “Xəmsə” bulağı inşa ediləcək. Bundan başqa, “Qala” və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Yol boyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcək. Prezident müvafiq tapşırıq və tövsiyələrini verib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal