Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü başa çatıb
Azərbaycan prezidenti İlham Əliyevin Soçidə Rusiya və Ermənistan dövlət başçıları ilə keçirilən görüşü başa çatıb. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, üçtərəfli görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edilib. Sənəddə qeyd edilir ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub:
“Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”.
Sənəddıə vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər:
“Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər”.