“Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə həmin ölkə tərəfindən təşkil edilən son illərdəki prezidentlərin ardıcıl görüşlərinin keçirilməsinin özünü danışıqlar prosesinin vacib bir elementi kimi dəyərləndirirəm”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova söyləyib. Vitse-spiker hesab edir ki, bu görüşlərin müəyyən nəticələri olmasa belə, onların reallaşdırılması da məsələnin sülh danışıqları yolu ilə həllinə tərəflərin sadiqliyini göstərir. B.Muradova qeyd edib ki, bu, Azərbaycan tərəfindən səmimi olaraq belədir.
“Ermənistan tərəfinə gəldikdə isə, bizim üçün bir həqiqət var ki,bu, sadəcə, vaxtı uzatmaq və status-kvonu daha çox qorumaq məqsədi ilə atılan addımlardır. Amma bununla belə, bu görüşlər Minsk qrupunun həmsədrlərindən biri kimi və cənab Medvedevin şəxsində Rusiya tərəfinin danışıqlar prosesinə vermək istədiyi və verə biləcəyi töhfələrdən biri kimi qəbul edilə bilər. Düşünürəm ki, bundan daha artıq ciddiyyət göstərilsəydi və Ermənistan tərəfinə müəyyən mənada təsir göstərmək imkanlarından maksimum istifadə olunsaydı, bu səylər bəlkə də müəyyən nəticələr verə bilərdi. Amma özlüyündə bu cür görüşlərin davam etdirilməsinin sülh imkanlarının tam tükənmədiyinin bir sübutu kimi də qəbul etmək lazımdır”-deyə, o, bildirib.
Vitse-spiker onu da deyib ki, Azərbaycanın və ölkə başçısı İlham Əliyevin Qarabağ məsələsində mövqeyi çox qəti və aydındır: “Belə bir mövqeyə malik olan şəxs kimi cənab prezident bu danışıqlarda iştirak edirsə, deməli, bu prosesin davamlı olmasında maraqlıdır və müəyyən imkanların qaldığını hesab edir. Yəni, o, belə bir qənaətin sahibidir. Ona görə düşünürəm ki, bunu yalnız hələlik bu aspektdən dəyərləndirmək düzgün olardı. Nəticəyə gəlincə isə, mən hansısa ciddi sonluqlar barədə proqnoz vermək imkanına malik deyiləm və vermək də istəmirəm. Çünki bizim bu yöndə proqnozlarımız indiyə qədər özünü doğrultmayıb. Bunu elə son Kazan görüşü də sübut etdi. Bir halda ki, dünyadakı mövcud bir çox dairələr bu görüşə çox böyük ümidlər bağlayır və bu yöndə mövqelərini səsləndiridilər, ancaq nəticə isə bu proqnozların heç birini doğurultmadı”.
B. Muradovanın eyni zamanda dediyinə görə, Kremlin mətbuat xidmətinin məlum bəyanatı olub və orada da hətta, Kazan görüşünün özündə hansısa məqamların belə razılaşdırıldığı iddia edilib: “Çox istərdik ki, belə bir fikir Soçi görüşündən də sonra səsləndirilsin. Azərbaycan tərəfi bilavasitə, dərhal sülh sazişi üzərində iş aparmağın vacibliyini ölkə kimi, bu görüşdə hansısa məqamlar razılşdırıla bilərsə, o hədəfə də çatmaq üçün yolu bir az qısalda bilər və ya bu yolu qısaltmaq mümkün olar. Ona görə hələlik bununla kifayətlənmək istəyirəm və çox istərdik ki, gözləntilərin müəyyən qismi özünü doğrultsun”.
Modern.az