Modern.az

Bahar Muradova: “ATƏT PA-nın fevral sessiyasında Xocalı soyqırımı məsələsini qaldırmağa çalışacağıq”

Bahar Muradova: “ATƏT PA-nın fevral sessiyasında Xocalı soyqırımı məsələsini qaldırmağa çalışacağıq”

Təhsil

24 Yanvar 2012, 10:53

“Biz Qarabağ məsələsini hər zaman ciddi şəkildə qaldırırıq və nəhayət, bu məsələ ötən ilin payız sessiyasında ayrıca bir məsələ kimi qoyuldu, bu yöndə çox ciddi dinləmələr keçirildi.
Hesab edirəm ki, bu dinləmələrin nəticəsi olaraq ATƏT Parlament Assambleyasının  növbəti illik yay sessiyasında qəbul edəcəyi qətnaməsində müəyyən məsələlər öz əksini tapa bilər.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova sözügedən qurumun fevral ayında Avstriyanın paytaxtı Vyana şəhərində reallaşacaq ənənəvi qış sessiyasında Qarabağ, eləcə də həmin ərəfəyə təsadüf edən Xocalı soyqırımı ilə bağlı məsələnin gündəmə gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə münasibətini bildirərkən söyləyib.

B.Muradovanın dediyinə görə, nümayəndə heyətinin üzvləri olaraq, onlar  bu məsələ barəsində ATƏT PA-nın qış sessiyasında yenidən söhbət açmağa çalışacaqlar:

 “Artıq ATƏT PA-dakı dostlarımızla bu barədə yazışmalar aparırıq ki, onlar da müəyyən qədər bu məsələnin gündəmdə olmasına dəstək olsunlar. Eyni zamanda, ATƏT-in İrlandiyadan fəaliyyətdə olan sədrinin də  bu məsələni gündəmdə saxlayacağı barədə vəd verməsi, bu ili  “dondurulmuş münaqişə”lərin həllinə həsr edəcəyini bəyan etməsi imkan verir söyləyək ki, bu məsələlər ciddi şəkildə müzakirə mövzusu olacaq”.

Nümayəndə heyətinin rəhbəri həmçinin deyib ki, bu il həm  Azərbaycanın ATƏT-də fəaliyyətə başlamasının 20 ili tamam olur, həm də  Xocalı faciəsinin  20-ci ildönümüdür:

“Elə vaxtı ilə  bizim ATƏT-ə üzlüyümüzün bir məqsədi də Dağlıq Qarabağ məsələsinin həlli idi. Amma cox təəssüf ki, bu illər ərzində hansısa bir ciddi nəticə olmadı. Odur ki, qış sessiyasında məhz bu fikirlər bir daha ATƏT PA-nın  üzlərinin diqqətinə çatdırılacaq.

Yuxarıda da qeyd etdiyim ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə Azərbaycanın ATƏT-ə üzlüyünün 20 ilinin tamam olması eyni dövrə təsadüf edir. Bizim üçün həm əlamətdar, həm də ağrılı, acılı olan  yubiley illərini nəzərə alaraq, çox istərdik ki, heç olmasa bu il  bu münaqişənin həllində müəyyən qədər irəliləyişlərə nail olmaq mümkün olsun. Bizim də mövqeyimiz odur ki, bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsini gündəmin əsas mövzularından birinə çevirək. Bu  dəfə də həmin mövqeni davam etdirəcəyik.Nəticə barədə isə təbii ki, sessiya bitəndən sonra danışmaq olar”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal