Modern.az

2 iyul Polis Günüdür

2 iyul Polis Günüdür

Aktual

2 İyul 2019, 09:13

İyulun 2-də Azərbaycan Polisi özünün yaranmasının 101-ci ildönümünü qeyd edir. 1998-ci ildən iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları Azərbaycan Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncamla Azərbaycan Polisinin rəhbərliyi general-polkovnik Vilayət Eyvazova tapşırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB